"Keşlə"nin legioneri: "Neftçi" ilə oyunda hər şey mümkündür" - MÜSAHİBƏ

"Keşlə"nin legioneri: "Neftçi" ilə oyunda hər şey mümkündür" - MÜSAHİBƏ Keşlənin moldovalı qapıçısı Stanislav Namaşkonun Azərbaycan Premyer Liqasının XVII turunun Neftçi ilə keçirəcəkləri oyunundan əvvəl Reporta müsahibəsi:
Futbol
15 Fevral , 2020 10:36
Keşlənin legioneri: Neftçi ilə oyunda hər şey mümkündür - MÜSAHİBƏ

"Keşlə"nin moldovalı qapıçısı Stanislav Namaşkonun Azərbaycan Premyer Liqasının XVII turunun "Neftçi" ilə keçirəcəkləri oyunundan əvvəl "Report"a müsahibəsi:

- Ötən tur gözlənilmədən doğma meydanda "Səbail"ə 0:1 hesabı ilə uduzdunuz. Məğlubiyyətin səbəbini necə izah edə bilərsiniz?

- Bu suala necə cavab verəcəyimi bilmirəm. Çünki məğlub olacağımızı özümüz də gözləmirdik. Amma artıq həmin oyun geridə qaldı. Bütün diqqətimizi qarşıdakı matçlara yönəltməliyik. 

- Həmin məğlubiyyətdən sonra komandada ab-hava necədir: futbolçularda hər hansı ruh düşkünlüyü müşahidə olunmur?

- Xeyr, ruh düşkünlüyü yoxdur. Atmosfer normaldır. Kollektivdə işgüzar mühit hökm sürür.

- Bu tur "Keşlə"ni Premyer Liqada "Neftçi" ilə vacib qarşılaşma gözləyir. Paytaxt derbisinə hazırlıqlar necə gedir?

- Digər oyunlara necə hazırlaşmışıqsa, bu görüşə də eyni ciddiyətlə yanaşırıq. Çünki bizim üçün hər bir oyun vacibdir. Məşqlərimizi edirik.

- "Keşlə" cari mövsüm "Neftçi"yə uduzmayıb. Necə düşünürsünüz, uğurlu seriyanı bu dəfə də davam etdirmək mümkün olacaq?

- Futbolda istənilən nəticə qeydə alına bilər. Paytaxt derbisində də hər şey mümkündür. Bu mövsüm "Neftçi"yə qarşı məğlubiyyətsiz oyunlar seriyası pozula da bilər, uzana da. 

- Hazırkı durumda ikinci yer uğrunda mübarizə aparan komandaların dueli nə vəd edir?

- Hər iki komanda meydana qələbə üçün çıxacaq. Kimdə alınıb-alınmayacağını bazar günü keçiriləcək oyundan sonra biləcəyik.

- "Keşlə" ilə müqaviləniz cari mövsümün sonunda başa çatacaq. Gələcəyinizlə bağlı qərar vermisiniz: Azərbaycanda, daha dəqiqi, hazırkı komandanızda qalmaq istəyirsiniz?

- Bura çox xoşuma gəlir, qalmaq istəyərəm. Məşqçilər korpusu ilə yaxşı münasibətim var.

- Mövsümün əvvəlində sabit oyun göstərirsiniz. Sizi niyə Moldova millisinə çağırmırlar?

- Milli komanda ilə bağlı məsələyə heç bir izahım yoxdur. Çünki bu sualın cavabını, yığmaya niyə çağırılmadığımı özüm də bilmirəm.

Son xəbərlər

Orphus sistemi