Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, həftənin ikinci matçında "Zirə" "Sabah"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesabı qonaqlar açıb. Qarşılaşmanın 35-ci dəqiqəsində Amadu Diallonun zərbəsindən sonra top rəqib müdafiəçi Miloş Bakraça dəyərək istiqamətini dəyişib və qapıdan keçib.
Meydan sahibləri ikinci hissənin əvvəlində hesabı bərabərləşdirmək üçün əla fürsət əldə ediblər. Lakin kapitan Cavid Hüseynovun penaltidən vurduğu topu Saşa Stamenkoviç tutub. Buna rəğmən fasilədən sonra daha üstün oyun sərgiləyən "Zirə" rəqib qapısına yol tapmağı bacarıb. 88-ci dəqiqədə Soni Norde yekun nəticəni müəyyənləşdirən qola imza atıb - 1:1.
Qeyd edək ki, həftənin açılış matçında "Keşlə" səfərdə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəlib. III tura sabah keçiriləcək "Səbail" - "Qarabağ" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.