Bakı. 3 noyabr. REPORT.AZ/ "Çətin oyun oldu. Qələbə üçün hər şeyi etdik. Qol vurmağı bacardıq. Hesabı da qoruyub saxladıq, top buraxmadıq. Üç xal qazandığımız üçün xoşbəxtəm".
"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Anton Krivotsyuk səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra keçirdiyi brifinqdə deyib. 20 yaşlı müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...
Oyunun sonlarına yaxın "Keşlə" təzyiqi artırdı və meydana 2 hücumçu daxil oldu. Bu sizi həyəcanlandırmadı?
- Heç bir həyəcanı yoxdur. Sadəcə, bir az da diqqətli olmalı idik.
Matçda bir epizod oldu ki, rəqib hücumçunun qapıçı ilə təkbətək çıxmasının qarşısını aldınız. Bu epizod ilə bağlı nə deyə bilərsiniz?
- Mən həmin epizodda intriqanı saxlamaq istəyirdim (gülür - red.)
Bu gün Kiril Petrovun yoxluğunda Slavko Braliç ilə oynamaq sizin üçün çətin deyildi ki? Bir-birinizlə anlaşmaqda problem yaşamadınız?
- Heç bir problem yaşamadıq. Anlaşmamız yaxşı səviyyədə idi. Məşqlərdə də birgə oynayırıq deyə, problemimiz olmadı.
On tur geridə qalıb, çempionluq şanslarını necə qiymətləndirirsiniz?
- Qarşımızda çempionluq məqsədi var. Amma biz hər həftə növbəti oyun haqda fikirləşirik və çox irəli baxmırıq.
"Qarabağ"la oyuna qədər və həmin oyundan sonra komandadakı abu-hava necə dəyişib, Həmin qələbə komandaya necə təsir edib?
- Hər bir oyuna biz eyni şəkildə və ciddiyyətlə hazırlaşırıq. Bizdə heç bir eyforiya yaranmayıb.
Roberto Bordin oyunboyu ayaq üstə olur, futbolçulara göstərişlərini verir. Belə baş məşqçi ilə məşqlərdə və oyunda işləmək sizin üçün maraqlıdır?
- Qeyd edərdim ki, məşqlərdə onunla çalışmaq maraqlıdır. Ancaq oyunlarda onun səsini eşidə bilmirəm. Azarkeşlərin səsindən baş məşqçinin sözlərini eşitmək mümkün olmur. Ona görə də bu haqda heç nə deyə bilmərəm.