"Keşlə"nin kapitanı: "Bu məğlubiyyətdən dərs almalıyıq"

"Keşlə"nin kapitanı: "Bu məğlubiyyətdən dərs almalıyıq" Hər iki hissədə oyunumuz alınmadı. Matça belə hazırlaşmamışdıq. Amma bu, futboldur. Hər iş yaxşılığa doğru gedir. Növbəti turda qələbə qazanmağa çalışacağıq.
Futbol
8 Fevral , 2020 00:26
Keşlənin kapitanı: Bu məğlubiyyətdən dərs almalıyıq

"Hər iki hissədə oyunumuz alınmadı. Matça belə hazırlaşmamışdıq. Amma bu, futboldur. Hər iş yaxşılığa doğru gedir. Növbəti turda qələbə qazanmağa çalışacağıq".

"Report"un məlumatına görə, bunları "Keşlə"nin kapitanı Slavik Alxasov evdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı müdafiəçi rəqibə sonuncu pillədə olduğu üçün ciddi yanaşmadıqları fikri ilə razılaşmayıb: "Arxayınlıq yox idi. Ötən turda yendiyimiz "Qəbələ" ilə oyuna necə hazırlaşmışdıqsa, bu matça da elə yanaşmışdıq. Sadəcə, oyunumuz Qəbələdəki kimi getmədi. Cinahlardan və mərkəzdən istədiyimiz hücumları qura bilmədik. Həm də ilk yarıda müəyyən qədər bəxtimiz gətirmədi. İkinci hissədə isə "Səbail" bizdən daha üstün çıxış etdi. Ona görə də qol vurub qələbə qazandılar. Biz bu məğlubiyyətdən dərs çıxarmalıyıq".

Alxasov fevralın 8-də baş tutacaq "Qarabağ" - "Neftçi" matçında kimin qalib gəlməsinin onun üçün önəm kəsb etmədiyini də diqqətə çatdırıb. O, Avropa kuboklarına vəsiqə qazanmaq ötrü yalnız öz oyunlarına köklənmələrini vacib sayıb. Təcrübəli oyunçu yeni transferlərin hələ açılışmadıqlarını söyləyib: "Aleksander Kriştovao və Şohruh Qadoyev bəlkə də az şans qazanırlar. Məncə, onların gələcəkdə bizə köməkləri dəyəcək. Qadoyevin qolunun sayılmadığı epizodu uzaqda baş verdiyi üçün görmədim. Özündən soruşdum, topun çiyninə dəydiyini, baş hakimin isə əllə oyun qeydə aldığını bildirdi. Yəni, qayda pozuntusu qərarı verməyə də bilərdi, təmiz qol idi. Daha dəqiqini təkrara baxandan sonra biləcəyik".

Son xəbərlər

Orphus sistemi