İspaniya Super Kubokunun yarımfinalında Səudiyyə Ərəbistanında "Atletiko" ilə qarşılaşmalı olan "Barselona" klubunun mətbuat konfransı gecikib.
"Report"un məlumatına görə, buna komandanı aparan avtobusun sürücüsünün stadionları səhv salması səbəb olub.
Kataloniya təmsilçisinin baş məşqçisi Ernesto Valverde və klubun yarımmüdafiəçisi Serxio Busketsin jurnalistlərlə görüşü Ciddə şəhərindəki "Əl İttihad" stadionda baş tutmalı idi. Lakin avtobus sürücüsü "Əl İttihad" stadionunu matçın keçiriləcəyi "Kinq Abdulla Sport Siti" arenası ilə qarışdırıb. Bu səbəbdən də "Barselona" klubunun mətbuat konfransı gec başlayıb.
Valverde baş verən anlaşılmazlığı belə şərh edib: "Əlbəttə, biz şəhəri indi daha yaxşı tanıyırıq. Kiçik bir səhv oldu. Biz daha öncə digər yarımfinalda "Real "Madrid" və "Valensiya"nın qarşılaşdığı stadiona getdik. Ancaq sürücü vəziyyəti anladı və bu stadiona doğru yola düşdük. Daha sonra tıxacda qaldığımız üçün mətbuat konfransına gecikdik".
Qeyd edək ki, bu il İspaniya Super Kuboku fərqli formatda keçirilir. Fəxri mükafat uğrunda 4 komanda - "Real Madrid", "Valensiya", "Barsleona" və "Atletiko" mübarizə aparır. İlk yarımfinalda "Valensiya"ya 3:1 hesabı ilə qalib gələn "Real Madrid" finala yüksəlib. Digər finalçı "Barselona" - "Atletiko" oyununun qalibi olacaq. Görüş bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.