UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün qalan hissəsinin təqvimi açıqlanıb.
"Report"un məlumatına görə, bu barədə qitə futbol qurumunun yarışların təşkili üzrə direktoru Corco Marketti bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, turnirin oyunları 1/4 final mərhələsindən etibarən 12-23 avqust tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək.
1/8 final mərhələsinin cavab qarşılaşmaları 7-8 avqustda oynanılacaq. Həmin matçların yeri barədə yaxın həftələrdə yekun qərar qəbul olunacaq.
12-15 avqust
1/4 final
18-19 avqust
Yarımfinal
23 avqust
Final
2021-ci ildə Çempionlar Liqası finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda, 2022-ci ildəki həlledici qarşılaşma isə Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı arenada olacaq.
2023-cü ildəki final matçı Almaniyanın Münhen şəhərindəki Münhen Arenada, 2024-cü ildə isə İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq.
***15:23
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin püşkatma vaxtı bəlli olub.
"Report"un "LEquipe" nəşrinə istinadən məlumatına görə, mərasim iyulun 10-da gerçəkləşəcək.
Daha əvvəl qitə futbol qurumunun koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış ÇL oyunlarını 1/4 finaldan "8-lər finalı" formatında təşkil etmək istədiyi bildirilib. Matçların 12 - 23 avqustda Portuqaliyanın paytaxtı Lissabonda oynanılması gündəmdədir. Bununla bağlı qərarın İcraiyyə Komitəsinin bugünki iclasında rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Çempionlar Liqasında PSJ (Fransa), "Atletiko" (İspaniya), "Atalanta" (İtaliya) və "Leyptsiq" (Almaniya) klubları 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Növbəti 4 komandanın adına isə "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (ilk oyun - 0:1), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) (ilk oyun - 1:1), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (ilk oyun - 3:0), "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) (ilk oyun - 2:1) matçlarından sonra aydınlıq gələcək.