"Nəhayət, Bakıda məskunlaşdım. İlk təəssüratlarım yaxşıdır. Hər şey birinci səviyyədədir. Həqiqətən komandada hamı bir ailə kimidir. Şəhər də çox gözəldir. İnanıram ki, bu keçid mənim həyatımda yaxşı epizod olacaq".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Asmir Beqoviç Sportsport.ba-ya açıqlamasında deyib.
32 yaşlı qolkiper Ağdam klubuna keçidinin sürətlə gerçəkləşdiyini söyləyib: "Başqa bir klub da var idi. Amma azərbaycanlıların ən doğru və konkret olduğunu demək məcburiyyətindəyəm. Bu, yaxşı seçimdir. "Qarabağ" ənənələri olan, köklü klubdur. Hər zaman titul uğrunda mübarizə aparır və Avropa Liqasında çıxış edirlər. Etibarımı doğrultmaq isə mənim öhdəmə düşür".
Bosniya və herseqovinalı oyunçu "Qarabağ"ın Avropa Liqasındakı şanslarından da söz açıb: "Qrup mərhələsində oynamaq böyük bir şey deyil. Amma ambisiyalar bundan daha böyükdür. Qrupumuzda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) var. İnanıram ki, bunların hamısının öhdəsindən gələ bilərik. Baxmayaraq ki, bu, asan olmayacaq. APOEL-in Hollandiya "Ayaks"ına çətinlik törətdiyini gördünüz. Keyfiyyəti olmasaydı, "Düdelanj" burada olmazdı".
Beqoviç transfer pəncərəsinin son günündə "Qarabağ"a keçdiyini sözlərinə əlavə edib: "Xaos idi. Vəziyyət gündən-günə dəyişirdi klublar şoruşurdu. Çalışdım ki, bu, mənə çox da təsir etməsin. Müqavilə ilə məxsus olduğum "Bornmut"a mümkün qədər tabe oldum. Amma ön planda olmadığımı başa düşdüm. Yaxşı təkliflərdən birini qəbul edib özümü yeni mühitdə sınamaq istədim. Yenə də deyirəm: oynamaq mənim üçün çox vacibdir".
Qolkiper deyib ki, oynayacağı təqdirdə, Bosniya və Herseqovina millisinin baş məşqçiçi Robert Prosineçki onu milliyə qaytaracağını bildirib: "Belə olan təqdirdə geri qayıtmağa məmnun olacağam. Heç vaxt milli komandanın qapısını bağlamamışam və bacardığım qədər kömək etmək istərdim. Ancaq indi ən əsası, son günlərdə baş verənlərdən daha güclü bir şəkildə geri qayıtmaqdır. Bacardığım qədər kömək etmək istəyirəm. Ancaq indi ən əsası, daha güclü şəkildə geri qayıtmaqdır. Ermənistana uduzduğumuz üçün təəssüflənirəm, amma futbolda belə şeylər olur".
Qeyd edək ki, Asmir Beqoviç İngiltərə "Bornmut"undan 750 min avro qarşılığında ilin sonunadək icarəyə götürülüb.