Yuxarı

AFFA oyunlar zamanı təhqirə yol verənləri cəzalandırıb

AFFA-dan təhqirə yol verənlərə cəza

AFFA İntizam Komitəsi aşağı liqa və futzal çempionatlarında təhqirə yol verən şəxslərin cəzalarını açıqlayıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Gənclər Liqasında "Tufan" klubunun futbolçusu Ayaz Məmmədli "Neftçi" ilə görüşdə rəqibini təhqir etdiyi üçün 3 oyunluq cəzalanıb. Komandanın digər üzvü Eldar Hüseynli isə hakimə qarşı qeyri-etik ifadələrə görə 4 oyunluq cəzaya məruz qalıb.

U-17 Liqasında “Neftçi İK İB” klubunun oyunçusu Ayxan Racizadə "Sumqayıt"la dueldə hakimi təhqir edib və 3 oyunluq cəza alıb. U-14 Liqasında isə “Məqsəd Kursları” komandasında Süleyman Məmmədzadəyə eyni səbəbdən 2 oyunluq cəza kəsilib.

Futzal çempionatlarında da xoşagəlməz hal yaşanıb. "Standard"ın oyunçusu Birinci Liqada ADBTİA ilə görüşdə hakimi hədəfə alıb. O, nalayiq sözlərə görə 4 matçlıq cəzalanıb. İkinci Liqada “Zirvə Baku-2” klubunun üzvü Vüsal Nəsirov "Altay" ilə görüşdə referini təhqir etdiyi üçün eyni sayda oyunu buraxmalı olacaq.

AFFA İntizam Komitəsi həmçinin U-13 Qızlar Liqasında çıxış edən "Tərəqqi" (Samux) komandasına texniki məğlubiyyət verib. Buna "Kür" (Samux) ilə görüşdə komandanın heyətində yetərsay olmaması səbəb göstərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi