"Zirə"nin yunan legioneri: "Olimpiakos" favorit olsa da, "Qarabağ" rəqibə problem yaşadacaq"

"Zirə"nin yunan legioneri: "Olimpiakos" favorit olsa da, "Qarabağ" rəqibə problem yaşadacaq" "Olimpiakos" favoritdir, amma "Qarabağ" öz oyun üslubunu tətbiq etsə, rəqibə problem yaşadacaq".
Futbol
6 Oktyabr , 2022 16:38
Zirənin yunan legioneri: Olimpiakos favorit olsa da, Qarabağ rəqibə problem yaşadacaq

"Olimpiakos" favoritdir, amma "Qarabağ" öz oyun üslubunu tətbiq etsə, rəqibə problem yaşadacaq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin futbolçusu Dmitrios Çantakias Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

27 yaşlı müdafiəçi bildirib ki, Ağdam təmsilçisi özünü sübut etmiş böyük komandadır: "Qarabağ" topa sahib olmağı və hücum etməyi sevir. Müdafiə olunmağı isə xoşlamır. Ötən tur "Nant"a qarşı əla oynadılar və qələbə qazandılar. Yaxşı baş məşqçilər var, son matçlarda gözəl nəticələr göstərirlər. Bu gün sürətli və yaxşı futbol oynamaq istəyən komanda görəcəyik".

Təcrübəli oyunçu "Qarabağ"ın heyətində Abdullah Zubiri xüsusi fərqləndirib: "Ona qarşı daha diqqətli oynamaq lazımdır. Zubir indiyədək tanıdığım ən yaxşı oyunçulardan biridir. Təcrübəmə əsasən deyə bilərəm ki, "Olimpiakos" dördlü müdafiə ilə oynayıb orta sahədə pressinqə üstünlük versə, daha yaxşı olar".

"Zirə"nin cari mövsümdəki çıxışına da toxunan Çantakias çempionatın əvvəlində daha yaxşı başlanğıca ümid etdiklərini söyləyib: "Məqsədimiz avrokuboklara getməkdir. Bəlkə də çempionata yaxşı başlamamışıq. Amma uğur qazanacağımıza əminəm".

Futbolçu Bakı klubuna keçidindən də söz açıb: "Panetolikos"dan sonra Bolqarıstanda oynadım. Ardınca isə Azərbaycandan təklif aldım. Açığı, əvvəlcə hara getdiyimi bilmirdim. Amma məni çox yaxşı qarşıladılar. Burada hər şey məni qane edir. Ötən yay müqaviləm başa çatmalı idi. Konfrans Liqasında İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə matçdan sonra yeni sözləşmə təklif etdilər. Mənimlə maraqlanan başqa komandalar olsa da, düşünmədən "Zirə"də qalmağa razılıq verdim. Əla baş məşqçimiz var və əminəm ki, gördüyümüz işlərlə çox yaxşı yerlərə gələcəyik".

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Dmitrios Çantakias 2020-ci ildən "Zirə"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi