Azərbaycan millisinin sabiq üzvü Zaur Paşayev baş məşqçi olmaq istəyir

Futbol
  • 07 aprel, 2026
  • 15:25
Azərbaycan millisinin sabiq üzvü Zaur Paşayev baş məşqçi olmaq istəyir

Azərbaycan millisinin sabiq basketbolçusu Zaur Paşayev baş məşqçi kimi işləmək istəyir.

42 yaşlı oyunçu bu barədə "Report"a açıqlamasında bildirib.

O, cari mövsüm "Quba" komandasının heyətində elə də pis oynamadığını söyləyib:

"Düşünürəm ki, bir mövsüm də oynaya bilərəm. Amma baş məşqçi kimi işləmək istəyirəm. Yaxşı təklif olsa, baş məşqçi kimi çalışmağa hazıram. Mayın sonunda, iyunun əvvəlində tam bəlli olacaq. Olmasa, bir il yenə oynaya bilərəm. İki il əvvəl ikinci məşqçi kimi fəaliyyət göstərmişəm. Artıq baş məşqçi kimi çalışmağın vaxtıdır. Burada çətin iş yoxdur. Ötən il "Sabah"da baş məşqçi Rimas Kurtinaytisin köməkçisi kimi çalışmaq istəyirdim. O, çox təcrübəli mütəxəssisdir və zəngin karyerası var. Amma karyeramı davam etdirdim. Bu komandada da məşqçilər heyəti artıq formalaşmışdı".

Z.Paşayev Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Şəki"yə uduzduqları oyunlara da toxunub:

"Rəqib A qrupunda, biz isə B qrupunda mübarizə aparırdıq. Onların büdcəsi nisbətən daha böyükdür, oyunçuları daha keyfiyyətlidir. Buna baxmayaraq, müntəzəm mövsümdə yaxşı çıxış etmişik. Pley-ində "Naxçıvan"la düşməyimizi istəyirdim. Müntəzəm mövsümdə onlardan 3 xal öndə idik, son anda bizi keçdilər. Bizimlə sonuncu oyunu əlavə vaxta apardılar, sonra həmin görüşdə uduzduq. Pley-ində onlarla mübarizə apara bilərdik. Həmişə başabaş oynamışıq. "Şəki" isə mövsüm ərzində "Sabah", "Abşeron Lions" və "Neftçi" kimi komandalarla üz-üzə gəlib. Bizim ehtiyat oyunçularımız da, demək olar ki, yox idi. Həm də basketbolçuların keyfiyyəti hiss olunurdu. Bir sözlə, alınmadı. Sonunu gətirə bilmədik".

Qeyd edək ki, "Quba" pley-in mərhələsində keçirdiyi hər iki oyunda "Şəki"yə uduzub - 89:101, 77:120.