Nəticə olmadığına görə klubla yolları ayırmaq qərarına gəldik.
Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun sabiq baş məşqçisi Vitali Borisov komandadan ayrılması ilə bağlı danışarkən deyib.
O, bu barədə rəhbərliklə əvvəlcədən danışıqlar olduğunu bildirib:
“Rəhbərliklə aramızda danışıqlar olmuşdu ki, Çempionlar Liqasında ilkin mərhələni keçməyəcəyimiz təqdirdə baş məqşçi vəzifəsindən gedəcəyəm. Bir də ki, iki yerdə - həm millidə, həm də “Araz-Naxçıvan”da işləmək çətindir”.
Mütəxəssis hazırda “Araz-Naxçıvan”ın yığmanın baza klubu olmadığını da vurğulayıb:
“Hazırda “Araz-Naxçıvan” yığmanın bazası sayılmır. Mən oynadığım vaxtlarda komandanın heyətində 8-9 nəfər həm klubun, həm də yığmanın formasını geyinirdi. Braziliyalı və yerli futzalçılardan təşkil olunan “Araz-Naxçıvan” eyni zamanda yığmanın özəyi hesab edilirdi. İndi millidə “Araz-Naxçıvan”la yanaşı, “Neftçi”, “Baku Fire” və digər klublardan da oyunçular var. Bunun mənfi cəhəti odur ki, əvvəl komanda daim birlikdə olurdu. Yığmanın toplanışları 3-4 günlük olduğu üçün bu müddət ərzində nələrisə dəyişmək çox çətindir. Futzalçılar milliyə hazır formada gəlməlidirlər. İndi heyətdə daha çox gənclər yer alır və onlara birdən-birə nəyisə öyrətmək asan deyil. Düzdür, yığmanın hazırlığına köklənmək mənim üçün bir qədər rahat olacaq. Kənardan futzalçıları izləyəcəyəm. Gənclərlə çalışmaq perspektiv baxımından yaxşıdır. İnanıram ki, indiki gənc futzalçılar 2-3 ildən sonra millinin əsas üzvlərinə çevriləcəklər”.
V.Borisov onu müvəqqəti olaraq əvəzləyəcək serbiyalı mütəxəssis Predraq Rayiçin komandanı formalaşdırmaqda çətinlik çəkməyəcəyini söyləyib:
“Predraq Rayiç artıq ikinci ildir “Araz-Naxçıvan”da işləyir və uşaqları tanıyır. Onun çətinlik çəkməyəcəyini düşünürəm”.
Qeyd edək ki, ötən gün “Araz-Naxçıvan”da keçirilən klubdaxili iclasda Vitali Borisovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Komanda müvəqqəti olaraq serbiyalı Predraq Rayiçə tapşırılıb.