Vidadi Rzayev: "Qarabağ" və "Sabah"ın şansları bərabərdir, "Neftçi"nin işi isə çətin görünür"

Vidadi Rzayev: "Qarabağ" və "Sabah"ın şansları bərabərdir, "Neftçi"nin işi isə çətin görünür" "Qarabağ" və "Sabah"ın şansları bərabərdir, "Neftçi"nin işi isə çətin görünür".
Futbol
12 Avqust , 2023 14:13
Vidadi Rzayev: Qarabağ və Sabahın şansları bərabərdir, Neftçinin işi isə çətin görünür

"Qarabağ" və "Sabah"ın şansları bərabərdir, "Neftçi"nin işi isə çətin görünür".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev yerli klubların avrokuboklardakı çıxışını dəyərləndirərkən deyib.

Əvvəlcə Ağdam təmsilçisinin Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa toxunan 56 yaşlı mütəxəssis hələ heç nəyin həll olunmadığını bildirib: "Hələ "Rakuv"la oyundan öncə "Qarabağ"la bağlı proqnoz verdim, səhv çıxdı. HİK-i evdə 2:1 hesabı ilə udublar, nə deyəcəyimi bilmirəm (gülür). Qələbəyə baxmayaraq, hələ də şansları bərabər görürəm".

O, "köhlən atlar"ın oyununda eniş hiss olunduğunu söyləyib: "Bu da bəzi oyunçuların gedişi, onların yerinə yeni futbolçuların gəlişi ilə bağlıdır. Uyğunlaşma prosesi üçün bir az vaxt lazımdır. Mənə elə gəlir ki, "Qarabağ" bu mövsüm də çempion olmaq üçün çox əziyyət çəkməyəcək. Əsas rəqibləri "Sabah" olacaq. Hələlik "Neftçi"nin adını çəkmək istəmirəm. Çünki başları transfer məsələlərinə qarışıb. "Sabah" isə komplektləşmiş komandadır, "Qarabağ"a başağrı ola bilər".

"Sabah"ın evdə Serbiya "Partizan"ını 2 cavabsız qolla məğlub etdiyi UEFA Konfrans Liqasının ilk görüşündən də söz açan Rzayev Bakı klubunun pley-offa adlayacağına inanır: "Əvvəlki raundun RFŞ-lə cavab oyununda çox əziyyət çəkdilər. Azlıqda qalmasına baxmayaraq, ilk qolu rəqib vurdu. "Sabah"ın futbolçuları yalnız matçın sonlarına doğru iki dəfə fərqlənib qələbə qazandılar. Düşünürdüm ki, "Partizan"la görüşdə də belə oynasalar, mərhələni rəqib keçəcək. Lakin "Sabah" Serbiya təmsilçisinə qarşı əla təsir bağışladı. Düzdü, "Partizan"ın baş məşqçisi hələ də pley-offa onların adlayacaqlarına ümid edir. Amma inanmıram ki, "Sabah" səfərdə 2 top fərqi ilə məğlub olsun. Uduza bilər, lakin minimal hesabla".

Təcrübəli mütəxəssisin fikrincə, Konfrans Liqasının III təsnifat mərhələsinin birinci oyununda Bakıda Türkiyə "Beşiktaş"ına 1:3 hesabı ilə uduzan "Neftçi"nin işi daha çətindir: "Hesab edirəm ki, evdə uduzmaqla növbəti mərhələ şanslarını itirdilər. Səfərdə 2 top fərqi ilə qalib gəlmələri mümkünsüz görünür. Düzdür, futbolda hər şey olur. Amma inanmıram. Heyətdə oyunçu çatışmazlığı var. Bunu özləri də bilirlər. Normal hücumçuları yoxdur. Premyer Liqanın ilk turunda "Kəpəz"ə uduzdular. Gəncəlilərin qələbəsinə kölgə salmaq istəmirəm. Amma "Neftçi" həmin vaxt Türkiyə klubu ilə oyuna hazırlaşırdı. Hələlik sıx qrafikə uyğun oynaya bilmirlər".

O, "Neftçi"də hələ də iki bərabər səviyyəli heyətin formalaşmadığını düşünür: "O vaxtdan vəziyyət eynidir: iki heyət qura bilmirlər. Birinci heyəti yığırlar, oyunçu dəyişikliyi üçün əvəzedicilərdən də 3-4 yerli futbolçu tapırlar. Eyni və ya aparıcı oyunçulardan bir az aşağı səviyyəli futbolçular tapa bilmirlər. İddialı klublar yerli çempionatda bir, avrokuboklarda digər heyətlə oynayırlar. Bir ara "Qarabağ" belə edirdi. Hətta çempion da olurdu. İndi isə vəziyyət dəyişib. Komandalar güclənib, hamı çempionluq, avrokuboklar uğrunda mübarizə aparır. Bu gün "Neftçi"də əsas heyət üzvlərini əvəzləyə biləcək ehtiyat qüvvə yoxdur".

Qeyd edək ki, Azərbaycan klubları cavab oyunlarını avqustun 17-də səfərdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi