İngiltərənin “Vest Hem” klubunun və Braziliya millisinin yarımmüdafiəçisi Lukas Paketa mərc oyunları qaydalarını pozmaqda ittiham olunub.
"Report" "The Sun"a istinadən xəbər verir ki, günahı sübuta yetiriləcəyi təqdirdə, 26 yaşlı futbolçu İngiltərə Premyer Liqası qaydalarına əsasən futboldan ömürlük uzaqlaşdırıla bilər.
Paketa dostları və tanışlarına pul qazandırmaq üçün İngiltərə Premyer Liqasında dörd komandaya - 2022-ci ildə "Lester"ə, 2023-cü ildə isə "Aston Villa", "Lids" və "Bornmut"a qarşı oyunlarda bilərəkdən qayda pozuntularına yol verməkdə, sarı vərəqə almaqda ittiham olunub. Bu matçlarda təxminən 60 nəfərin futbolçu üçün 7 - 400 funt sterlinq arasında pul qoyuluşu etdikləri və nəticədə 100 min funt sterlinq qazandıqları güman olunur.
Maraqlıdır ki, şübhəli mərc oyunları ilə bağlı həyəcan təbili çalan ilk bukmeker kontoru "Vest Hem" klubunun titul sponsoru "Betvey" olub.
Qeyd edək ki, L.Paketa 2022-ci ildən "Vest Hem"in formasını geyinir. Komanda 2023/2024 mövsümünü 52 xalla doqquzuncu pillədə bitirib.