UEFA İspaniyanın "Real Madrid" və "Barselona", eləcə də İtaliyanın "Yuventus" klublarına qarşı intizam işi açıb.
"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, belə bir qərar etika və intizam məsələləri üzrə inspektorların apardıqları araşdırmalardan sonra qəbul edilib. İş UEFA-nın normativ-hüquqi bazasının mümkün pozuntusu ilə əlaqədar qaldırılıb.
Əlavə informasiyanın veriləcəyi də vurğulanıb.
Qeyd edək ki, aprelin 19-da İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi" və "Arsenal", İspaniyanın "Barselona", "Real Madrid" və "Atletiko", həmçinin İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları Avropa Super Liqasının yaradıldığını açıqlayıblar.
Azarkeşlərin sərt etirazları, FIFA və UEFA-nın sanksiya hədələrindən sonra Superliqada "Real Madrid", "Barselona" və "Yuventus" qalıb. Mayın 7-də UEFA qalan 9 klubla barışıq elan edib və Superliqa ideyasına qayıdış müqabilində sanksiyalar siyahısını dərc edib.