İsveçrənin Montrö şəhərindəki 45-ci UEFA Konqresi başa çatıb.
"Report"un məlumatına görə, toplantıdan sonra Konqresin Avropa Super Liqasını qınayan bəyanatı qurumun rəsmi saytında yayımlanıb.
Sənəddə UEFA və quruma üzv 55 milli assosiasiyanın qondarma turniri pislədiyi bildirilib: "UEFA Konqresi hesab edir ki, Superliqanın təşkili Avropa futbolunun birlik, şəffaflıq və ədalətlilik prinsiplərinə ziddir. UEFA və milli assosiasiyalar futbolun davamlılığını və inkişafını hamının xeyrinə təmin etmək, dəyərlərin və sosial layihələrin təbliği üçün açıq rəqabət, həmrəylik və ədalətli bölgüyə əsaslanan Avropa modelinə inanırlar.
Təxribatçı klublar hazırkı statuslarını təcrid olunaraq deyil, dinamik Avropa sistemində böyük, orta və kiçik komandaların ədalətli mübarizəsi şəraitində qazandıqlarını dərk etmədilər. Onların hər kəsin qurduğu mirasa yiyələnmək hüququna sahib olduqlarını zənn etmələri Avropa dəyərlərinə və idman prinsiplərinə təcavüzdür.
UEFA və onun üzvləri, futbolu sevən hamı bu klubların sahibləri və havadarlarının hərəkətinə qarşı çıxacaq və sonadək mübarizə aparacaqlar. Mənəvi cəhətdən nəyin təhlükədə olduğunu bilirik və futbolu bu oyuna əhəmiyyət verməyən eqoist bir klandan qoruyacağıq. Avropa futbolu bizik, onlar deyil".
UEFA-nın növbəti Konqresi 2022-ci il mayın 11-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştirakını təsdiqləyib.