İspaniyanın "Barselona", "Real Madrid" və İtaliyanın "Yuventus" klubu Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yayıb.
"Report"un məlumatına görə, hər üç klub təzyiq və təhdidlərə baxmayaraq müasir futbolda islahatlara davam edəcəklərini bildirib.
Qeyd edək ki, UEFA daha əvvəl Superliqadan imtina edən 9 kluba sanksiya tətbiq olunmadığını açıqlayıb. Amma bu kollektivlərin qarşısına müəyyən tələblər qoyulub. Onlar Avropada uşaq futbolunun inkişafına 15 milyon avro ianə etməlidir. Həmçinin klubların avrokuboklarda bir mövsüm ərzində əldə edəcəkləri gəlirin 5 faizi tutulacaq və yenidən bölüşdürüləcək.
Daha əvvəl Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldıqlarını açıqlayıb.