"Turan Tovuz"un baş məşqçisi Niderlanda gedib

"Turan Tovuz"un baş məşqçisi Niderlanda gedib “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov beynəlxalq əlaqələri gücləndirmək və təcrübə toplamaq yönündə Niderland səfərinə yollanıb.
Futbol
15 May , 2024 18:54
Turan Tovuzun baş məşqçisi Niderlanda gedib

“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov beynəlxalq əlaqələri gücləndirmək və təcrübə toplamaq üçün Niderlanda yollanıb.

"Report" Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 yaşlı çalışdırıcıdan başqa, klubun İdarə Heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, köməkçi məşqçi Elnur Çodarov və akademiyanın koordinatoru Rasim Əliyev də Niderlandda səfərdədirlər.

Səfərin əsas məqsədi buradakı qabaqcıl klubların əsas komandalarda tətbiq etdikləri yeniliklər, məşq prosesi, klub idarəetməsi və struktur bölgüsü üzrə iş prosesi, akademiyaların fəlsəfəsi, infrastruktur layihələri və müasir texnologiyaların futbolda tətbiqini yaxından öyrənmək və təcrübə toplamaq olub.

İlk gündə klub nümayəndələri Niderlandın son çempionu PSV-nin düşərgəsində olublar. Görüş zamanı akademiya koordinatoru Mitç van Gellek prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat etdikdən sonra akademiyanın fəlsəfəsi, iş prinsipləri, seleksiya, fiziki, taktiki və psixoloji hazırlıq, akademiyanın ixtiyarına verilən infrastruktur və texnoloji yeniliklər barədə geniş məlumat verib. Daha sonra nümayəndələr akademiya komandalarının məşqində iştirak etməklə yerində müşahidə aparıblar. Burada da məşq prosesi haqqında maarifləndirici məlumatlar verilib. Nümayəndələr daha sonra klubun və akademiyanın infrastrukturu ilə yaxından tanış olublar. PSV-nin əsas komandasının baş məşqçisi Peter Boşun köməkçisi Yurgen Dirx təqdim etdiyi prezentasiya ilə əsas komandanın məşq və ümumi hazırlıq planları haqqında geniş məlumat verib.

Səfərin ikinci günündə klub nümayəndələri “Feyenoord”un qonağı olublar. Akademiya koordinatorları David Toxopeus və Marvin Muis təqdimatla akademiyanın iş prinsipləri, istedadlı uşaqların seleksiyası, onların inkişafı üçün atılan vacib addımlar, uşaqların inkişafında tətbiq olunan fərdi yanaşma metodları barədə məlumatları çatdırıblar. Nümayəndələr buradakı infrastrukturla yaxından tanış olublar. Məşqlərdə iştirak etməklə yerində lazımi məlumatlar əldə ediblər.

İşgüzar səfər davam edir.

Son xəbərlər

Orphus sistemi