Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax futbol üzrə Avropa Super Liqasının yaradılmasına münasibət bildirib.
"Report"un məlumatına görə, almaniyalı funksioner bununla bağlı fikirlərini UEFA Konqresindəki çıxışında bölüşüb.
"Bizə daha böyük həmrəylik lazımdır. Bu, hamıya, o cümlədən, idmana və idman təşkilatlarına aiddir. Belə qütbləşmiş çevrədə dar maraqlar və eqoizm həmrəylik ümumi dəyərlər və qaydaları üstələyir", - Bax vurğulayıb.
Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real Madrid”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştiraklarını təsdiqləyib.
"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın prezidenti, "Yuventus"dan Andrea Anyelli və "Mançester Yunayted"dən Coel Qleyzer vitse-prezidenti seçilib. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.