Tərlan Əhmədov: "Millidən təklif gəlsə, sevə-sevə qəbul edərəm"

Tərlan Əhmədov: "Millidən təklif gəlsə, sevə-sevə qəbul edərəm" "Tərlan Əhmədov Şirvandan çıxaraq, Avropa çempionu olubsa, deməli, gələcəkdə orada yenə yaxşı futbolçular yetişə bilər"
Futbol
397
16 Noyabr , 2021 11:55
Tərlan Əhmədov: Millidən təklif gəlsə, sevə-sevə qəbul edərəm
Tərlan Əhmədov

“De Byazini sırf məşqçilik işinə görə ən çox tənqid edənlərdən biri mənəm. Çünki milli komandaya yanaşması düzgün deyil".

Bu fikirləri “Report”a açıqlamasında “Neftçi” və “Keşlə” klublarının sabiq baş məşqçisi Tərlan Əhmədov Canni De Byazinin Azərbaycan millisindəki 1,5 illik fəaliyyətini dəyərləndirərkən deyib.

50 yaşlı mütəxəssisin fikrincə, italiyalı mütəxəssis yığmanın matçlarında 5 müdafiəçili sistemlə az top buraxmaq niyyətində olub: "Millətlər Liqasından etibarən 5-li müdafiəyə keçdikdən sonra, demək olar ki, bütün görüşlərdə məğlub olmuşuq. Yoldaşlıq oyunlarını saymıram. Yığma italiyalı mütəxəssisin başçılığı altında 19 matçdan cəmi 2-də qalib gəlib ki, bu da heç nəyi dəyişmir, heç bir yaranı sağaltmır”.

Əhmədov bildirib ki, italiyalı mütəxəssisin rəhbərliyi altında müdafiəyə çox aludə olduğundan, yığmanın hücumdakı oyunu fiaskoya uğrayıb: “Futbolun gözəlliyi hücum edib qol epizdları yaratmaqdır. Qalib gəlmək üçün hücumda çoxluq yaratmalısan. Bunun üçün isə orta və ön xətdə yetərincə futbolçun olmalıdır. 5 müdafiəçi ilə oynayırsansa, cinahlarda aktiv futbolçuların yer alması vacibdir. Həmçinin son müdafiəçilərdən biri topla yaxşı davranmağı bacarmalıdır ki, komandasına üstünlük yaratsın. Daha çox İtaliya millisi bu oyun üslubundan istifadə edir. Amma artıq onlar da uğursuz çıxış etməyə başlayıblar. Əksər ölkələr 4 müdafiəçi ilə oynayırlar. Belədə hücum xəttində daha çox futbolçu yer alır. Bu gün yığmanın heyətində son illərin ən yaxşı hücumameylli oyunçularından istifadə edə bilmirik və müdafiəyə daha çox fikir veririksə, əlbəttə, 19 oyundan cəmi 2-də qələbə qazanacağıq".

Yığmanın keçmiş kapitanının sözlərinə görə, həm Millətlər Liqasında, həm də seçmə mərhələdə daha yaxşı nəticələr qazanmaq mümkün idi: "Ən azı, evdəki matçlarda uğurla çıxış etmək lazım idi. De Byazidən çox böyük gözləntilərimiz var idi. Düşünürdük ki, Albaniyadakı uğurlu karyeradan sonra burada da nəyəsə nail olacaq. Əfsuslar olsun ki, ondan yenilik, futbolumuza hər hansı xeyir görmədik”.

Əhmədovun sözlərinə görə, bu gün təkcə əsas milli deyil, U-21 yığması də bərbad vəziyyətdədir: “Deməli, çox şeyi dəyişmək lazımdır. Ən birinci, klub sayı artırılmalı, regionlarda komandalar olmalı, futbolçu yetişdirilməlidir. Futbolda uğur qazanmaq istəyiriksə, bölgə futbolunu inkişaf etdirməliyik. Məsələn, mən Şirvan şəhərindənəm. Bu gün orada 2 stadion olsa da, futbol adına heç nə yoxdur. Tərlan Əhmədov Şirvandan çıxıb Avropa çempionu olubsa, deməli, gələcəkdə orada yenə yaxşı futbolçular yetişə bilər. Hər bölgədən 6-7 istedadlı futbolçu çıxsa, seçim imkanı da geniş olar”.

Canni De Byazi
Canni De Byazi

Veteran futbolçunun fikrincə, Azərbaycanda futbolun bu vəziyyətə düşməsində hamı günahkardır: “İstər federasiya, istər futbol ictimaiyyəti, istər veteran futbolçuların, hətta medianın belə, səhvləri var. Deməli, zamanında nəyisə deməmişik, susmuşuq, təklifimizi irəli sürməmişik. Heç kim bir-birinə dəstək verməyib. Burada yalnız De Byazini və ya hər hansı başqa bir mütəxəssisi günahlandırmaq düzgün deyil. Futbolumuzda aşağı yaş qrupları normal vəziyyətdə, seçim imkanı geniş olsaydı, bəlkə də bu gün hansısa uğurdan danışardıq. Amma baxın, bütün yığmalarımız böyük hesabla uduzurlar. Bu da futbolumuzda ciddi problemlərin olduğunu göstərir. Amma burada başqa məqamlar da var. Məsələn, biz klub sayının birdən-birə azalmasının səbəbini dəqiq bilmirik. Hər şeyi kiminsə üstünə yükləyə bilmərik. Hamımızın səhvi var”.

Əhmədovun fikrincə, milli komandaya yerli mütəxəssis başçılıq etməlidir: “Yenə əcnəbi mütəxəssis gətirib ona vaxt verəcəyiksə, qoy, elə De Byazi qalsın. Çünki 1 ildən çoxdur Azərbaycandadır. Yavaş-yavaş nəyəsə nail ola bilər. Amma məncə, indiki məqamda yerli mütəxəssisə şans vermək daha yaxşı olardı. Burada mentalitet, oyunçulara yanaşma məsələsi var. Ən azından dil problemi olmayacaq. Yığmada bütün uğurları yerli mütəxəssislər qazanıb. Artıq onlara da şans vermək lazımdır. Hazırda yığmada elə futbolçular çıxış edir ki, yaşları 30-a yaxındır. 1-2 ildən sonra onlar millidə olmayacaqlar. Yeni gələn gənc nəsli qorumalı, onlarla bağlı düzgün qərar verməliyik ki, pik nöqtəyə - 25-26 yaşa çatanda yığmaya xeyir verə bilsinlər. Ölkə xaricindən baş məşqçi gəlsə, onun ölkəyə, komandaya uyğunlaşması üçün vaxt lazım olacaq. Yenə, nəyisə itirəcəyik”.

Mütəxəssis milli komandada işləməyə hazır olduğunu gizlətməyib: “Təklif gəlsə, sevə-sevə qəbul edərəm. Bu, həm də mənim üçün 50 illik yubiley hədiyyəsi olar (gülür). 1992 - 2005-ci illərdə yığmanın şərəfini qorumuşam. Ən ağır dönəmi yaşamışam. Mənim üçün millinin formasını geyinmək qürur olub. Biz o vaxt pulu fikirləşmirdik. Çalışırdıq ki, uğur qazanaq. Onsuz, pul da yox idi. Hər bir azərbaycanlı mütəxəssis kimi mən də yığmada şərəflə işləyərəm. Çünki həyatımı milli komandaya həsr etmişəm. Digər tərəfdən, tanıdığım futbolçularla işləmək mənim üçün rahat olar”.

Məlum olduğu kimi, “Keşlə” klubu 2022-ci ildən adını dəyişərək Şamaxını təmsil edəcək. Əhmədov bu qərarı normal qarşıladığını bildirib: “Uzun müddətdir deyirik ki, Bakıda klub sayı azaldılmalı, futbol bölgələrə yayılmalıdır. Prosesə Şamaxıdan başlanıldı. Deməli, bu cür layihələr digər rayonları da əhatə edəcək. Düşünürəm ki, futbolumuz üçün sevindirici haldır. Bu gün Gəncənin, Tovuzun, Mingəçevirin, Zaqatalanın, Qusarın I Divizion və Region Liqasında təmsilçiləri var. Şamaxıda isə ümumiyyətlə futbol yox idi. Hesab edirəm ki, növbəti mövsümdən “Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya gələcək. Klub sayı artırılacaqsa, bu iki komanda mütləq həmin siyahıda olacaq. Hətta “Zaqatala”nı da elitada görə bilərik. Bu klubların yaxşı bazası var. “Şamaxı” isə futbolumuz üçün yeni ideyadır. Ümidvericidir ki, artıq regionlara diqqət ayrılır. Şamaxı təlim-məşq toplanışı üçün də ideal yerdir. Yerli klublar orada hazırlıq keçib çempionata hazırlaşa bilərlər”.

Son xəbərlər

Orphus sistemi