Sloveniyalı FIFA referisi Damir Skomina beynəlxalq karyerasını başa vurub.
"Report"un məlumatına görə, bu barədə 45 yaşlı baş hakim "24ur.com" saytına açıqlamasında deyib.
O, bu qərarı səhhəti ilə bağlı qəbul etdiyini bildirib. Təcrübəli referi daha bir cərrahiyyə əməliyyatı keçirəcəyini vurğulayıb.
Qeyd edək ki, hakimliyə 1994-cü ildə başlayan Damir Skomina beynəlxalq arenada 2003-cü il aprelin 30-da Macarıstan - Lüksemburq matçı ilə debüt edib. O, 2012-ci ildə UEFA Super Kuboku uğrunda matçın baş hakimi olub. Həmçinin, 2017-ci ildə Avropa Liqasının, 2 il sonra isə Çempionlar Liqasının finalında ədaləti təmsil edib. 2008, 2012 və 2016-cı illər Avropa çempionatının oyunlarını idarə edən Skomina 2018-ci il dünya çempionatına da təyinat alıb.
O, zədə səbəbindən AVRO-2020-ni buraxmalı olub.