Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" heyətinə iki futbolçu cəlb edir.
Bu barədə "Report"a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. 39 yaşlı mütəxəssis bildirib ki, onların hər ikisi hücumçudur.
Abbasov futbolçuların adlarını açıqlamayıb, transferlərin yaxın zamanda klubun rəsmi saytı vasitəsi ilə elan olunacağını söyləyib. O, forvardlardan birinin İrandan olacağını sözlərinə əlavə edib.
Baş məşqçi müdafiəçilər Rail Məlikov, İlqar Qurbanov və hücumçu Amil Yunanovla vidalaşdıqlarını təsdiqləyib.
Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya"nı qəbul edəcək. Qarşılaşma avqustun 27-də saat 20:00-da Sumqayıtdakı "Kapital Bank Arena"da olacaq.
Komanda daha əvvəl Şəhriyar Əliyev ("Keşlə"), Aleksey İsayev ("Sabah"), Peyman Babayi ("Maşinsazi", İran: icarə müddəti başa çatıb), Sərtan Taşkın ("Zirə"), Elvin Cəfərquliyev ("Qarabağ": icarə müddəti başa çatıb) və Mehdi Şərifi ilə yollarını ayırıb, Tellur Mütəllimov və Elvin Məmmədovu transfer edib.