“Səbail”in futbolçusu: “Vurulan qolların hər biri mükafata layiq idi”

“Səbail”in futbolçusu: “Vurulan qolların hər biri mükafata layiq idi” Vurulan qolların hər biri “Ayın qolu” mükafatına layiq idi.
Futbol
26 Noyabr , 2024 12:28
“Səbail”in futbolçusu: “Vurulan qolların hər biri mükafata layiq idi”

Vurulan qolların hər biri “Ayın qolu” mükafatına layiq idi.

Bunu “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinin son qalibi, “Səbail”in futbolçusu Samir Abdullayev deyib.

22 yaşlı hücumçu X turda “Neftçi”yə vurduğu qolun oktyabrın ən yaxşısı seçilməsinə münasibət bildirib:

“Buna görə çox sevinirəm. Mənim üçün əlavə motivasiyadır. Adam hər dəfə daha çox qol vurmaq istəyir ki, mükafatı bir daha alsın. Vurulan qolların hər biri “Ayın qolu” olmağa layiq idi. Bu dəfə mənə qismət oldu. Səs verənlərin hamısına təşəkkür edirəm, çox sağ olsunlar. Qolu vurmaq mənim üçün heç də rahat olmadı. Hesabda 0:3 geridə idik, oyunun bitməsinə az qalmışdı. Məşqçinin verdiyi şansdan maksimum istifadə etməyə çalışdım. Qol vurduğum üçün çox xoşbəxtəm”.

O, komandasının hazırkı durumundan da danışıb:

“Onu deyə bilərəm ki, komandaya uyğun mövqe deyil. Daha yuxarılarda olmağa layiqik. Bir çox oyunlarda rəqiblərdən üstün olsaq da, şansımızı əldən vermişik. Çempionat hələ yarılanmayıb, böyük hissəsi qalıb. İnanıram ki, daha yuxarı pillələrə qalxacağıq. Hər oyuna qələbə üçün çıxırıq. Hansı yerdə qərarlaşacağımızı sonda görəcəyik. Çempionatı daha yüksək pillələrdə bitirməyə çalışacağıq”.

S.Abdullayev yeni baş məşqçi Cavid Hüseynovun gəlişinə də toxunub:

“Əlbəttə, hər məşqçinin öz fəlsəfəsi var. Çalışırıq ki, Cavid Hüseynovun verdiyi tapşırıqları yerinə yetirək”.

Qeyd edək ki, Samir Abdullayevin Misli Premyer Liqasının X turunda səfərdə “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları oyunun 90+3-cü dəqiqəsində vurduğu qol Peşəkar Futbol Liqası tərəfindən mükafata layiq görülüb.

“Səbail” klubu hazırda turnir cədvəlində 8 xalla 9-cu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi