"Oyunun sonlarında boşluqlara yol verdik. Bəlkə də, qol buraxmağımıza bu səbəb oldu".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssisin sözlərinə görə, oyunun müqəddəratı birinci hissədə, demək olar ki, həll olunmuşdu: "Gənc futbolçumuz Ramin Nəsirli bu gün qol vurdu. Amma bir yaxşı oyun və bir qol heç də göstərici deyil. Bəzi oyunçular ilk görüşlərdə ümid verib, sonradan eniş yaşayıblar. Ramin məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. Əsas heyətdə yer almağı haqq etmişdi. Bundan sonra daha yaxşı olacaqsa, yenə oynayacaq. Əks təqdirdə, Ramini də sonradan eniş yaşayan oyunçuların aqibəti gözləyə bilər. Ümumiyyətlə, o, istedadlı oyunçudur və ümumi komandanın fonunda batmamışdı”.
Baş məşqçi sağ vinger mövqeyində çıxış edən Azər Əliyevin çıxışından məmnunluq ifadə edib: “Azər Əliyev özünü hücumun sağ cinahında daha rahat hiss edirdi, nəinki sol cinahda. Bütün azadlığı onun və Yusuf Lavalın üzərinə buraxmışdım. Demişdim ki, sizin üçün hansı cinah rahatdır, dəyişə də bilərsiniz. Azər solda da oynaya bilir. Ondan çox gözləntilərimiz var. Çünki keyfiyyətinə inanırıq. O, sıradan biri deyil, komandanın oyununu çiyinlərində daşıya biləcək futbolçulardandır”.
Abasov növbəti turdakı "Sabah"la matç haqqında da danışıb: “Meydandan kənarda yaşanan gərginliyin komandamıza hopmamasına çalışacağıq. Bundan uzaq olmağa çalışacağıq. Hesab neçə olur-olsun işimizə köklənəcəyik. Kubok oyununda baş verən hadisələrin üstündə durmaq istəmirik. Digər oyunlara necə hazırlaşmışıqsa, bu matça da eyni qaydada köklənəcəyik”.
Mütəxəssis komandasının getdikcə daha yaxşı çıxış edəcəyinə inanıb: “Biz gördüyümüz işə inanırıq. Bəzi məqamları oyunlar getdikcə səhvləri göstərə-göstərə düzəltməyə çalışacağıq. Oyunumuzu daha da yaxşılaşdırmaq, bu tempi qorumaq istəyirik”.
Baş məşqçi son olacaq qapıda Kamran İbrahimovun dayanmasına aydınlıq gətirib: “Bu gün yerli limiti doldurmalı idik. Bu üzdən Kamran qapıda dayandı. Aqil Məmmədovun zədələnməsindən sonra Kamrana da güvənirik, oyunlara buraxırıq. Belə hallar bundan sonrakı görüşlərdə də olacaq. Onu da daim hazır vəziyyətdə saxlayırıq ki, ən azı 2-3 oyundan bir meydana buraxaq. Rəqibə, situasiyaya, həftə ərzində baş verəcək proseslərə görə qərar verəcəyik. U-19 komandamızın qapıçısı Rza Cəfərova da güvənirik. 3-4 yaxşı qapıçımızın olması pis deyil”.
O, qış fasiləsində komandadan ayrılan Romen Baskın “başqa baş məşqçinin rəhbərliyi altında “Neftçi”də yenidən oynaya bilərəm” fikrinə də cavab verib: “Romen Bask qayıtmaq istəsə, böyük məmnuniyyətlə onu qəbul edərəm. Çox bəyəndiyim, xoşladığım oyunçudur. Bir neçə mövqeyi layiqincə bağlayan, orada oynamağı bacaran futbolçudur. O ki qaldı mənim barəmdə dediyi fikirlərə, hamı səni tərifləməli deyil. Onun öz fikirləri var. Baskın vaxtında orta sahədə Mamadu Kane, Sabir Buqrin, Emin Mahmudov var idi. Onu gətirəndə bilirdik ki, Kane qışda və ya yayda gedəcək. Baskı buna görə hazırlayırdıq. Tələskənliyi də normaldır, oynamaq istəyir. “Havr”ın kapitanı idi, mütəmadi oynamaq istəyirdi. Ancaq Azərbaycan çempionatının ən yaxşı orta sahə oyunçuları olan komandaya gəlmişdi. Biz də dəyişmək istəmirdik. Onun maliyyəsi və digər məsələlər imkan verərsə, yayda məmnuniyyətlə gəlişinə razı olaram”.