"Buradakı bütün oyunlar gərgin keçir".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib.
44 yaşlı mütəxəssis qələbə qazandıqları üçün sevindiklərini bildirib: "Bu qalibiyyət hamımıza lazım idi. İkinci hissədə orta xətti ələ aldıq. Birinci yarıda istədiklərimizi edə bilmirdik. İnanıram ki, bu qarşılaşmadan sonra motivasiyamız qalxacaq. Rəqibin belə oynayacağını gözləyirdik. Buna da hazırlıqlı idik. Bu gün sanki bir az yatmışdıq. Komanda ikinci hissədə ayıldı. Bəzi oyunlarımız gec saatlarda olur. Amma bu gün saat 4-də başladı. Bəlkə oyunçular buna görə bir az yatmışdı. Əsas odu ki, qalib gəldik. Futbolçular çox böyük iş gördülər".
Abasov Sezar Meza Kollinin 90 dəqiqə oynamaq üçün tam hazır olmadığını söyləyib: "10 günlük məşqdən sonra oyunçunu əsas heyətdə görmək mümkünsüzdür. Qış tətilinə yollandıq, qayıdanda Meza Kolli koronavirusa yoluxdu. Bir az da ağır keçirdi. Meza Kollinin meydanda etdiklərini görürük. Etmədiklərini də görməliyik. Hazırda bəzi şeyləri etməyə gücü yoxdur. Onları da biz görürük".