Respublika stadionunun meydançasını xüsusi örtük xilas edə bilər

Respublika stadionunun meydançasını xüsusi örtük xilas edə bilər "Ümumilikdə stadionumuz UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ" və İsveçrə "Bazel"i arasında keçiriləcək oyuna hazırdır.
Futbol
31 Avqust , 2021 12:38
Respublika stadionunun meydançasını xüsusi örtük xilas edə bilər

"Ümumilikdə stadionumuz UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ" və İsveçrə "Bazel"i arasında keçiriləcək ilk tur oyununa hazırdır.

"Son zamanlar stadionumuzun ot örtüyü ilə bağlı çoxlu iradlar tutulur. Tamamilə razıyam, qazonun vəziyyəti ürəkaçan deyil. Amma çalışırıq ki, meydanı lazımi səviyyəyə çatdıraq".

Bu fikirləri "Report"a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev deyib.

Quliyev bu gün səhər saatlarında ot örtüyünə gübrə verildiyini bildirib: "Bunların hamısı planlı şəkildə həyata keçirilir. Şotlandiyanın "Aberdin" komandası ilə oyundan sonra toxum da səpilib. Ota bütün aqrotexniki qulluqlar edilir. Sentyabrın 16-dək ideal ot örtüyünün olacağını deyə bilmərəm. Amma hər halda əvvəlkindən fərqlənəcək. Havalar sərinləşsə, növbəti qrup oyunlarının birində tam yaşıl meydan görəcəyik".

Quliyev "Qarabağ" rəhbərliyinin ot örtüyünün yaxşı vəziyyətə çatdırılması üçün əlindən gələni etdiyini sözlərinə əlavə edib: "Dərman və gübrələr vaxtında verilir. Lazımi mütəxəssisləri dəvət edir və onların məsləhətlərinə qulaq asırlar. Klub rəhbərliyi bizi əmin etdi ki, gələcəkdə belə bir problem yaşanmayacaq".

İyunda Uels yığmasının mərkəzi arenada AVRO-2020 oyunlarına hazırlıq keçdiyini xatırladan direktorun sözlərinə görə, həmin vaxt ot örtüyü tam yaşıl olub: "Hətta Uels millisi fikirləşirdi ki, 1/4 finala vəsiqə qazansa, yenə bu arenada məşq etsin. Qazonun durumu onların xoşuna gəlmişdi. Artıq iyulda saralma başladı. Klub əməkdaşları bütün cəhdlərə baxmayaraq bunun qarşısını ala bilmədi. Dərman, gübrə verdilər, suvarma sistemi də qaydasında idi. Nə qədər etsələr də, bunu aradan qaldıra bilmədilər. Problemin həlli yolunu buraya gələn mütəxəssislər də müəyyənləşdirə bilməyiblər".

Quliyev daha əvvəl Qəbələ şəhər stadionu ilə yanaşı mərkəzi arenada da çalışmış ingiltərəli mütəxəssis Fil Şarplesın fəaliyyətinə də toxunub: "Həmin vaxt Qəbələdə və burada ot örtüyü ideal səviyyədə olurdu. Amma daha sonra burada saralmalar başlayırdı. Şarples də problemin qarşısını tam ala bilmirdi. Saralan yerlərin üstünü ağ yelkənlə örtürdü ki, günəş şüaları birbaşa vurmasın. Səbəb günəş deyildisə, niyə oranı ağ yelkənlə örtürdü? Deməli, bu, havaların isti keçməsi ilə əlaqədardır".

O, xüsusi texnika vasitə ilə ot örtüyünün üstünü örtməyin mümkünlüyünü bildirsə də, həmin avadanlığın qiymətinin baha olduğunu diqqətə çatdırıb: "Bəlkə də "Qarabağ" rəhbərliyi bunu tətbiq etməyi düşünür. Tətbiq etsələr, problem kökündən həll olunacaq".

Son xəbərlər

Orphus sistemi