Almaniyanın "Şalke" klubunun sabiq futbolçusu Yannik Kamba həbs olunub.
"Report"un "Bild" nəşrinə istinadən məlumatına görə, konqolu veteran müdafiəçi sığorta dələduzluğuna görə 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Analoji cəza onun həyat yoldaşına da verilib.
Buna oyunçunun xanımı ilə əlbir olaraq dələduzluq etməsi səbəb olub. Kamba 2016-cı ildə vətəninə yollanıb. Həmin vaxt onun avtomobil qəzası nəticəsində öldüyünü iddia edən həyat yoldaşı sığorta şirkətinə müraciət edərək, 1 milyon funt sterlinq təzminat alıb. Lakin 3 ildən sonra hadisənin üstü açılıb və 35 yaşlı keçmiş futbolçunun Almaniyanın Rur şəhərində enerji sahəsində texnik işlədiyi üzə çıxıb.
İşlə məşğul olan prokurorun sözlərinə görə, cütlük sığorta şirkətindən əvvəlcə 3,36 milyon funt-sterlinq almağı planlaşdırıb. Amma onlar bu təşəbbüsü həyata keçirə bilməyiblər.
Prosesi şərh etmək istəməyən Kamba vəkili vasitəsilə sığorta pulu almadığını bildirib. O deyib ki, 2018-ci ildə ölümü ilə bağlı yayılan şayiələrə aydınlıq gətirmək üçün Almaniyanın Kinşasadakı səfirliyinə baş çəkib. Kambanın iddiasına görə, 2016-cı ilin yanvarında naməlum şəxslər veteran futbolçunu dostları ilə birlikdə qaçıraraq, tanımadığı əraziyə atıblar.
Qeyd edək ki, Yannik Kamba 1991 - 2001-ci illərdə "Şalke"nin akademiyasında və müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış edib. O karyerasının qalan illərini Almaniyanın aşağı liqalarında mübarizə aparan klublarda keçirib.