“Araz-Naxçıvan” gələn il Naxçıvana qayıtsa, seçilmiş uşaqlar komanda üçün bir növ baza rolunu oynayacaqlar.
Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın akademiyasının koordinatoru Sakit Rzayev deyib.
O, Naxçıvanda təşkil olunan seçimlərdən sonra 30-a yaxın uşağın yer aldığı siyahı hazırlandığını nəzərə çatdırıb:
“Naxçıvanda ilk dəfə belə seleksiya xarakterli toplanış etdik. Seleksiyanı Muxtar Respublika üzrə, 15-16 yaşlı futbolçular üçün təşkil etmişdik. Təbii ki, yaxşı, potensiallı uşaqlar var. Onların siyahısını hazırlamışıq. 30-a yaxın uşaq seçildi. Ancaq daha 3-4 məşq, həmçinin ikitərəfli oyunlar təşkil edəcəyik və bu uşaqların arasından ən yaxşılarını seçəcəyik”.
Mütəxəssis seçilən futbolçuların yığma şəklində müxtəlif turnirlərdə və yoldaşlıq matçlarında iştirak edəcəyini vurğulayıb:
“Elə uşaqlar var ki, hətta özlərindən bir yaş böyüklərlə oynaya bilərlər. Seleksiyada iştirak etməyənlər də oldu. Növbəti seçimlər üçün geniş elan verəcəyik ki, hər kəs gəlib bacarığını göstərsin. Seçilən uşaqlar öz komandalarında qalacaqlar. Yəni bir kollektivi gücləndirib, digərini zəiflətmək istəmirik. Biz sadəcə onları izləyəcəyik. Müxtəlif beynəlxalq, həmçinin daxili turnirlərdə, Naxçıvanda və ondan kənarda yoldaşlıq görüşlərində yığma kimi iştirak edəcəklər. Bu, uşaqlar üçün həm təcrübə, həm də maraqlı olacaq”.
S.Rzayev digər yaş qrupları üçün də bu cür məşqlər təşkil olunacağını bildirib:
“13, 14 yaşlı uşaqlar, həmçinin qapıçılar üçün də məşqlər təşkil olunacaq. Gələcəkdə 17, 19 yaşlılar üçün də seçimlər təşkil etməyi planlaşdırırıq. “Araz-Naxçıvan” gələn il Naxçıvana qayıtsa, seçilmiş uşaqlar komanda üçün bir növ baza rolunu oynayacaqlar. Belə demək mümkünsə, gələcək üçün Naxçıvanda “Araz-Naxçıvan”ın bazasını yaratmaq istəyirik”.
Qeyd edək ki, Naxçıvan Futbol Federasiyası tərəfindən təşkil olunan seçimlərdə 60-a yaxın uşaq iştirak edib.