"Sabahın ulduzları"ndan Polşa çempionatına - "Ona görə 10 oyunluq cəza almışam"

"Sabahın ulduzları"ndan Polşa çempionatına - "Ona görə 10 oyunluq cəza almışam" Ötən mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatan Mahir Emreli karyerasını Polşada davam etdirəcək.
Futbol
9 İyun , 2021 16:27
Sabahın ulduzlarından Polşa çempionatına - Ona görə 10 oyunluq cəza almışam
Mahir Emreli

Ötən mövsümün sonunda "Qarabağ"la müqaviləsi başa çatan Mahir Emreli karyerasını Polşada davam etdirəcək.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu bu ölkənin ən köklü klublarından olan "Legiya"ya keçib. Azərbaycan millisinin forvardı Varşava təmsilçisi ilə 3+1 illik müqavilə imzalayıb.

“Mahirin “Bakı”ya gəlişi “Sabahın ulduzları” ilə bağlıdır”

Emreli "Qarabağ"da parlasa da, "Bakı" futbol akademiyasının yetirməsidir. Artıq fəaliyyətini dayandırmış klubun sabiq icraçı direktoru Yaşar Seyidov “Report”a açıqlamasında bildirib ki, futbolçu 2007-ci ildə “Bakı”nın aşağı yaş qruplarına cəlb olunub: “Həmin vaxt AFFA-nın aşağı yaş qrupları üzrə liqaları keçirilmədiyindən, komandamız “Dinamo”nun sələfi kimi “Sabahın ulduzları” turnirinə hazırlaşırdı. Komandanı formalaşdırmaq Nurəddin Məmmədova tapşırılmışdı. Mahirin ilk məşqçisi də Nurəddin müəllim olub. Ovaxtkı heyətimizdə indi Premyer Liqada oynayan bir çox uşaq var idi. Yəni, Mahirin “Bakı”ya gəlişi komandanın bu turnirdə iştirakı ilə bağlı oldu. Bunadək isə “Vətən”də məşq edirdi. Orada özünü yaxşı tərəfdən göstərən seçilmiş uşaqlar olurdu. Mahir də belə oyunçulardan idi. 2008-ci ildə Türkiyədən Yüksel Kepoğlunun başçılıq etdiyi məşqçilər heyəti Bakıya gəldi və biz Tunc Afşarın rəhbərliyi altında akademiyanı qurduq. Mahir U-15, U-16 və U-17 komandamızın heyətində AFFA-nın təşkil etdiyi liqaların qalibi olduqdan sonra həmin vaxt Qəhrəman Əliyevin başçılıq etdiyi əvəzedici heyətə cəlb olundu. 2013-cü ildə Milinko Pantiçin “Bakı”ya baş məşqçisi təyin olunmasından sonra Emrelinin əsas komandaya yolu açıldı. Serbiyalı mütəxəssis onunla yanaşı, Namik Ələskərov, Vüqar Mustafayev, Vüqar Bəybalayev, Aqil Məmmədov kimi gəncləri də əsas komanda ilə İspaniyaya təlim-məşq toplanışına apardı. Bundan öncə isə Fransanın “Lans” klubu ilə əməkdaşlıq çərçivəsində 3 futbolçumuz – Mahir Emreli, Valeh Seyidov və Ülvi Süleymanov bu komandanın düşərgəsində hazırlıq keçdi”.

“Ailəsini, nənəsini qoyub təlim-məşq toplanışına getmək istəmirdi”

2014-cü il sentyabrın 27-də “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasında debüt edən Emreli imkanlı ailədə böyüdüyündən, xasiyyətcə elə də asan uşaq olmayıb. Y.Seyidovun sözlərinə görə,o, ailənin sevimli övladı olub: "Hətta bir dəfə Qubaya təlim-məşq toplanışına gedəndə nənəsigil orada əlavə ev tutmuşdular, hər gün gəlib onu görürdülər. Ailəsi Mahirsiz, Mahir də onlarısz qala bilmirdi. Ona görə də bəzən ailəsini, nənəsini qoyub təlim-məşq toplanışına getmək istəmirdi. Həmin vaxt onun yaxşı futbolçu olacağı, milli komandada oynayacağı, legioner həyatı yaşayacağı hələ bilinmirdi. Emrelinin inkişafına təsir edən ən müsbət məqamlardan biri onun yaxşı məşqçilərin əlinə düşməsi oldu. 2011-ci ildə Avropa Klublar Birliyi (ECA) ən yaxşı struktura malik akademiya kimi bizə xüsusi sertifkat vermişdi. Həmçinin öz üzərində işləməsi, çalışqanlığı onun yüksəlməsinə, inkişafına təkan verdi. Mahirin bu səviyyəyə çatmasında “Bakı” klubunun rəhbərliyini, məşqçilərini, o cümlədən də Qurban Qurbanovun zəhmətini xüsusi qeyd edərdim. Futbolçunun bizdən sonra Qurban müəllim kimi bir baş məşqçinin əlinə düşməsi hər kəsə qismət olmur. Onun baş məşqçilik keyfiyyətləri, Mahirə yanaşması hücumçunun daha da parlamasına səbəb oldu”.

“Mahirə görə 10 oyunluq cəza almışam”

Emreli ilə yaxşı münasibətlərinin olduğunu deyən funksioner tək onun deyil, “Bakı”nın yetirməsi olan bütün futbolçuların oyunlarını daim diqqətdə saxladığını bildirib: “Görüşəndə hər zaman mehribancasına salamlaşmışıq. Mahirin Premyer Liqada debütü, Bakıda “Atletiko”ya qarşı oyunu yaxşı yadımdadır. Hətta bir dəfə ona görə mənə 10 oyunluq cəza verilib. “Neftçi” ilə U-15 liqasının final oyunu idi. Matçın gedişində rəqib futbolçular Mahiri bir neçə dəfə vurdular. Bilirdilər ki, əlinə fürsət düşsə, fərqlənəcək. Ona görə də oyunçulara tapşırmışdılar ki, Emrelini zədələsinlər. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra meydanda mübahisə düşdü və Mahiri döydülər. Meydana daxil olub, futbolçunu oradan uzaqlaşdırdım. Futbolda belə hallar olur. Həmin insidentdən sonra 10 oyunluq cəza aldım (gülür)”.

"Zaman onun doğru addım atdığını göstərəcək"

Seyidov forvardın “Legiya”ya transferinə də münasibət bildirib: “Qarabağ” da Avropada sayılıb-seçilən klublardandır. Dəfələrlə qrup mərhələsində oynayıb. Amma legioner həyatı hər bir futbolçunun karyerasında olmalıdır. Bu, yeni başlanğıcdır. “Legiya” Polşanın köklü, sanballı komandalarından biridir. Dəfələrlə Çempionlar Liqası və Avropa Liqasının qruplarında çıxış edib. Mahirin çox yaşı yoxdur. Düşünürəm ki, əsl vaxt idi. Bu həm də digər azərbaycanlı oyunçular üçün örnəkdir. Onlara ölkə xaricinə çıxmaq üçün mayak lazımdır. Mahir bu mənada ilk ola bilər. Son vaxtlar səviyyəli çempionatlarda mütəmadi çıxış edən legionerlərimiz yoxdur. Emrelinin "Legiya"ya keçidinə hamımız sevinməli, karyerasının uğurlu alınmasını istəməliyik. Zaman da onun doğru addım atdığını göstərəcək”.

“Özündən böyüklərlə oynayırdı”

2010 – 2014-cü illərdə “Bakı” klubunun aşağı yaş qrupları üzrə koordinatoru vəzifəsində çalışmış Murat Yoldaş Emrelinin hələ o vaxtdan həmyaşıdlarından seçildiyini söyləyib: “Mahirin “Legiya”ya keçidindən qürur duyuram. Digər tərəfdən, ötən mövsüm Azərbaycan Premyer Liqasında bombardirlik mübarizəsinin “Bak”nın 2 yetirməsi – Namik Ələskərov və Emreli arasında getməsi məni sevindirdi. Onların üzərində bizim də əməyimiz var. Hər ikisinin inkişaf edəcəyinə inanırdıq. Həmin vaxt Mahirin 13 yaşı var idi. Özündən 1 yaş böyük uşaqlarla oynayırdı. İşini sevən, əzmkar, uşaq idi. Bilirsiniz ki, o yaşdakı uşaqlar bir az utancaq olurlar. Amma komanda daxilində hamı ilə münasibətləri çox yaxşı idi. Mahirin ailəsinin maddi vəziyyəti yaxşı idi. Əslində bu, uşaqlar üçün təhlükəli bir şeydir. Tək Azərbaycanda deyil, Türkiyədə də belədir. Bu cür futbolçular bir az sərbəst olur, məşqlərə laqeyd yanaşırlar. Lakin Mahir belə deyildi. Əksinə, tərbiyəli, işinə məsuliyyətlə yanaşan uşaq idi. Verilən futbol təhsilini də yaxşı mənimsədi. Hələ o vaxtdan həmyaşıdları arasında istər xarakteri, istərsə də oyunu ilə seçilirdi. Addım-addım irəliləyib bu səviyyəyə çatdı. Futbolda sol ayağı işlək olan futbolçular çox azdır. Ona görə də belə oyunçular xüsusi olur. Mahirin istedadı, qüvvətli zərbələri var. Sürətlidir, yaxşı driblinq edə, cinah ötürmələri verə bilir. Oyunu oxumaq qabiliyyəti də öz yerində. Ailəsinə bağlı idi ki, bu da normal haldır. Çünki o yaşda uşaqlar daim valideynlərinin yanında qalmağa üstünlük verir. Amma digər tərəfdən istedadlı uşaqlar futbol topunun dalınca dünyanın istənilən ölkəsinə gedə bilərlər. Necə ki, Mahirin timsalında bunun şahidi olduq”.

“Mahir emosional, sevgiyə ehtiyacı olan uşaq idi”

Türkiyəli mütəxəssisin sözlərinə görə, Emreli imkanlı ailədə böyüsə də, emosional insandır: “Bir müddət öncə ailəsində müəyyən problemlər olub. Sevgiyə, diqqətə ehtiyacı olan uşaqdır. Bizdən həmin sevgini gördü. Əslində valideynləri də daim onu diqqətdə saxlayırdılar. Heç vaxt onun bizə və komanda yoldaşlarına qarşı hörmətsizliyini görmədik. Hər zaman sevimli, işini görən və futbolçu olmağa çalışan uşaq təsiri bağışlayırdı. Bu yerlərə gəlib çatması və legioner həyatı yaşaması Azərbaycan futbolu üçün də önəmlidir. Çox gözəl hadisədir. Bu vəziyyətdən biz də çox məmnun və qürurluyuq. 12, 13, 14 və 15 yaş yeniyetməlik dövrüdür. Komanda yoldaşları ilə zarafatlar etsə də, heç vaxt bizə çətinlik yaratmayıb. Ümumiyyətlə, heç bir oyunçumuzda bu cür problem olmayıb. Çünki biz uşaqlara yaxşı futbolçu yox, ilk növbədə, mükəmməl insan olmağı öyrədirdik”.

“Ərköyünlüyü olsa da, meydanda tamam fərqli olurdu”

İlk məşqçisi Nurəddin Məmmədov Mahirin xeyli mülayim uşaq olduğunu qeyd edib: “Uşağa baxanda bilinirdi ki, istedadlıdır, gələcəyi var. Sürətli və texnikalı idi. İmkanlı ailədə böyüdüyündən, bir az ərköyünlüyü var idi. Amma onu məşq zamanı kənara qoyurdu. Meydanda tam fərqli uşaq olurdu. Nə tapşırıq verirdiksə, yerinə yetirməyə çalışırdı. “Legiya”ya keçdiyi üçün fəxr edirik. Sevinirik ki, bizim yetirməmiz Polşada Azərbaycanı təmsil edəcək. Hələ “Bakı”da oynayanda onu çox komanda istəyirdi. Tez-tez mənimlə məsləhətləşirdi. Arada yenə danışırıq. Ölkə xaricində də uğur qazanacağına inanıram”.

"Heç vaxt Mahirin intizamsızlığını görməmişəm"

"Qarabağ"ın direktoru Emrah Çelikel isə Emrelinin Ağdam klubunda oynadığı müddətdə heç bir intizamsızılığını görmədiyini bildirib: "Mahir "Qarabağ"a gələndə 18 yaşı tamam olmamışdı. Hətta müqavilə bağlamaq üçün bir qədər gözləmişdik. Onun haqqında ancaq xoş sözlər deyə bilərəm. Çox güman, hər şey yüksək səviyyədə alınıb ki, futbolçu bizi Avropada təmsil etmək imkanı qazanıb. Bu, Mahir üçün böyük şansdır. Ona uğurlar arzulayıram. "Qarabağ"da inkişaf etdi. Öz üzərində dayanmadan işlədi, böyüdü. Heç vaxt onun intizamsızlığını görməmişəm. Əslində bunlar texniki məsələlərdir və mənim fikir bildirməyim düzgün deyil. Qurban Qurbanov bütün futbolçulara olduğu kimi, Mahirə də öz övladı kimi yanaşıb və düzgün yolda irəliləməsi üçün ona lazımi məsləhətlərini verib. Onun azərbaycanlı olması və Avropaya yollanması hamımızı qürurlandırır. Görülən işlər müsbət nəticəsini verdi".

Son xəbərlər

Orphus sistemi