Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu bu il Qətərdə keçiriləcək dünya çempionatının qalibi olsa, karyerasını başa vuracaq.
"Report" xəbər verir, 37 yaşlı hücumçu bu barədə Talk TV-də Pirs Morqana müsahibəsində bildirib.
Təcrübəli forvard bunun gerçəkləşməyəcəyi təqdirdə daha 2-3 il oynamaq istədiyini söyləyib: "Məncə, 40 yaşında karyeranı başa vurmaq ən yaxşısıdır".
Ronaldu Argentina millisinin və Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messi haqqında da danışıb: "Messi inanılmaz futbolçudur. Onunla 16 il eyni səhnəni paylaşdıq, möhtəşəm münasibətimiz də var. Dost kimi olmasa da, daha çox komanda yoldaşı kimiyik".
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Portuqaliya H qrupunda Qana, Uruqvay və Cənubi Koreya ilə üz-üzə gələcək.