Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
"Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna evdə Portuqaliyanın "Benfika" komandasını 5:2 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur oyununda nail olub.
Həmin qarşılaşmada het-trik edən polşalı forvard turnirdəki 100-cü matçında 80-ci qola imza atan ilk oyunçu kimi tarixə düşüb.
Fransa PSJ-sində çıxış edən Lionel Messi 102-ci qarşılaşmasında, İngiltərənin "Mançester Yunayted" klubunda şərəfini qoruyan Kriştianu Ronaldu isə 116-cı görüşündə eyni sayda qol vurub.
Qeyd edək ki, "Bavariya" E qrupunda 12 xalla liderdir. Münhen təmsilçisi sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.