Bakı. 9 oktyabr. REPORT.AZ/ "Avrokuboklarda ən çox qol vuran azərbaycanlı futbolçuyam. Qollarımdan ən yaxşısını İtaliyada "İnter"ə vurmuşam. Avropa Liqasının qrup mərhələsinin son oyunu idi. Doğrudan da zərbəm möhtəşəm alınmışdı. Ən yaddaqalan qolum budur".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Rəşad Sadiqov klub televiziyasına açıqlamasında deyib. 2012-2013 mövsümündə flaqman Kipr APOEL-ini "pley-off"da iki oyunun yekununda üstələyərək (1:1, 3:1), qrup mərhələsinə yüksəlib. APOEL-lə cavab oyununda qollardan birini Sadiqov vursa da, top Cavid İmamverdiyevin adına yazılıb. Təcrübəli yarımmüdafiəçi UEFA-nın yol verdiyi yanlışlıqla bağlı şikayət etmək fikrində olmadığını söyləyib: "UEFA-nın səhvinə görə təəssüflənmədim. Əsas odur ki, Avroliqanın qrupuna düşdük. İndi də qol vurub-vurmamağımın fərqi yoxdur. Qol üçün rəqabət aparmıram. Sadəcə, çalışıram ki, komandamız qələbə qazansın. Mənim və ya digər futbolçunun qol vurmasının fərqi yoxdur. Komandanın uğurunu, qələbəsini fikirləşmək lazımdır. Düzdür, hər bir futbolçu kimi istərdim ki, qol sayını artırım. Amma komandamın qələbəsi naminə yenə əlimdən gələni edəcəyəm. Bunun üçün isə ilk növbədə, avrokuboklara vəsiqə qazanmaq, sonra ardını gətirmək lazımdır".
R.Sadiqov azarkeşlərdən səbrli olmalarını istəyib: "İnanıram ki, komandamız tam düzələcək və avrokuboklara düşməyə ən real namizədlərdən biri olacağıq. Sadəcə, səbr etsinlər və bizə dəstək olsunlar".
Qeyd edək ki, Rəşad Sadiqov avrokuboklarda 7 qol vurub.