Oyun gərgin mübarizəyə səhnə ola bilər.
Bunu “Report”a açıqlamasında həm “Neftçi”, həm də “Qarabağ”ın sabiq futbolçusu Rəşad Sadiqov bu gün Azərbaycan Premyer Liqasının VII turunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçı barədə danışarkən deyib.
Azərbaycan yığmasının keçmiş yarımmüdafiəçisi “Neftçi”nin tam formaya düşmədiyini vurğulayıb:
“Neftçi” “qara zolaq”dadır, komanda tam formaya düşməyib. Oyunlara xal itirmək qorxusu ilə çıxırlar. “Qarabağ” isə həm Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb, həm də Azərbaycan çempionatında 5 oyundan sonra 4 qələbəsi var. Ağdam təmsilçisinin bu mövsüm də çempionluq yolunda çətinlik çəkəcəyini düşünmürəm”.
40 yaşlı mütəxəssis Azərbaycan derbisində “Qarabağ”ı daha şanslı sayıb:
“Oyun gərgin mübarizəyə səhnə ola bilər. Bu, Premyer Liqada ilk Azərbaycan derbisidir. Amma məncə, “Qarabağ” daha şanslıdır. Komanda həm heyətinə, həm də oynadığı futbola görə daha üstündür".
Qeyd edək ki, “Azərsun Arena”da baş tutacaq “Qarabağ” - “Neftçi” matçının start fiti saat 20:00-da səslənəcək.