Qurban Qurbanov: "Mahir Emreliyə Polşa klubundan təklif gəlib"

Qurban Qurbanov: "Mahir Emreliyə Polşa klubundan təklif gəlib" "Hamımız futbol üçün darıxmışdıq. Pandemiyaya görə narahatlıq var idi. Şükürlər olsun, xəstəlik azalır".
Futbol
21 Yanvar , 2021 20:27
Qurban Qurbanov: Mahir Emreliyə Polşa klubundan təklif gəlib
Qurban Qurbanov

"Hamımız futbol üçün darıxmışdıq. Pandemiyaya görə narahatlıq var idi. Şükürlər olsun, xəstəlik azalır".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: "Qış fasiləsindən sonra öz oyununu istədiyin kimi göstərə bilmirsən. Rəqib ciddi hazırlaşsa da, 3 xal bizim oldu. Futbolçulardan razı qaldım. İnanıram ki, getdikcə hər şey daha yaxşı olacaq".

Qurbanov 2021/2022 mövsümündən keçiriləcək UEFA Konfrans Liqası barədə də danışıb: "Avropa Liqası ilə Konfrans Liqası arasında fərq var. Bu turniri də gözləmək lazımdır. Bəlkə, öz fərqliliyi olacaq. Bizim məqsədimiz hər zaman yuxarı pillələrdə qərarlaşmaq olub. Konfrans Liqası büdcəsi az olan klublara təsir edə bilər. Amma hələ mükafat fondu açıqlanmayıb. Lakin Çempionlar Liqası və Avropa Liqasının yeri fərqlidir".

Baş məşqçinin sözlərinə görə, qışda transfer etmək çox çətindir: "Passiv görünə bilərik, amma oyunçu tapmaq asan deyil. Bu gün heyətimizdə problemlər var idi. Biz özümüz də transfer etmək istəyirik. İndi olmasa da, yayda ola bilər".

Təcrübəli mütəxəssis Bakıdakı təlim-məşq toplanışını da dəyərləndirib: "Bakıda toplanış keçmək hazırlığa ciddi təsir etmədi. Çünki vaxtımız az idi. Toplanışdan razı qaldım".

Baş məşqçi "Qarabağ"ın Mətbuat katibi Nurlan İbrahimovun istefasından da söz açıb: "Mənim üçün Nurlan haqqında çox danışmaq ağırdır. Sadəcə, heyfslənirəm ki, belə sərt qərar oldu. Klub olaraq ondan məmnun idik. Hamımız üzüldük. Başqa yolu yox idi. Həmişə bizim qəlbimizdədir. Deyəsən, məni də futboldan sildirmək istəyirsiniz? (gülür). Ümumiyyətlə, həddən artıq az danışmalıyıq. Bəzi qərarlara görə onları qınaya bilmərik. Çünki əvvəlcədən federasiyalara xəbərdarlıq olur. Hamı ilə mübarizə apara bilərik. Amma bu, həm vaxtımızı aparar, həm də nüfuzumuzu salar. 4-5 element var ki, daim ehtiyatlı olmalıyıq. "İnter"lə oyuna görə nə qədər vaxt itirdik, müzakirələr getdi. Elə məsələlər var ki, o səhvləri etməməliyik. Düzgün, ağıllı formada mübarizə aparmalıyıq ki, bizə qarşı əks fikir olmasın. Görsünlər ki, mədəniyyətimizi qoruyub saxlayırıq. Nurlan bəlkə bundan sonra daha nüfuzlu yerdə olacaq".

Qurbanov bu gün "Zirə"nin heyətində qol vuran oğlu Musa Qurbanlının çıxışına da toxunub: "İstənilən futbolçu ilə yollarımızı ayıranda peşman olmuram. Bəzi legionerlər burada oynaya bilməyib, amma başqa yerdə 10-15 qol vurur. Musanın getməsi son anda oldu. Rəşad Sadıqov istədi, biz də göndərdik".

Mütəxəssis Donald Gerye və Mahir Emrelinin ölkə xaricindən təklif alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Gerye özü gəlib ki, ona təklif də gəlsin?! Hələ də İstanbuldadır. Özbaşına getməz, sənədləri bizdədir. Mahir Emreliyə isə Polşa klubundan təklif gəlib. Futbolçunun özünün də razılığı var. Amma təbii ki, hərtərəfli razılıq olmalıdır. Mahirlə bağlı elə bir ciddi dəyişiklik gözlənilmir".

Son xəbərlər

Orphus sistemi