"Rəqibi təbrik edirəm. Sürət çox olmasa da, sonluq maraqlı alındı. Futbolçularımdan razı qaldım. Onlara hər hansı irad bildirmək istəmirəm. Çox yorulublar. Qarşıda vacib oyunlar var. Onların bərpasına fikir verməliyik. Finaldakı komandalara uğurlar arzu edirəm".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a məğlub olduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis Mahir Emrelinin penalti nöqtəsinə yaxınlaşmamasının səbəbini açıqlayıb: "Zərbəni vuranları əvvəldən yazmışdım. 9-cunu Mahir vurmalı idi. "Qəbələ" ilə görüşdə penaltini vura bilmədiyi üçün psixoloji gərginliyi ola bilərdi".
Qurbanov Abdullah Zubirlə Emrelini meydana gec buraxmasını zədə və yorğunluqla əlaqələndirib: "Qarşıdakı matçlara görə onları qorumaq istəyirdim. Çünki qarşıda vacib matçlar var. Bizdə xahişlə oyuna çıxmaq olmur. Şahruddin Məhəmmədəliyev təcrübəli qapıçıdır. Məşqlərini edirdi".
Baş məşqçi rəqibin müdafiədən oynamasına da toxunub: "İki variant var idi. Rəqib ya ilk oyundakı kimi, ya da öz sevimli sistemi ilə oynamalı idi. Bu gün 4 mərkəz müdafiəşisi ilə meydana çıxmışdılar".