"Qəbələ"nin kapitanı: "İndi üçqat çalışmalısan ki, meydanda sürünməyəsən"

"Qəbələ"nin kapitanı: "İndi üçqat çalışmalısan ki, meydanda sürünməyəsən" Asif Məmmədov: "Qarşımıza konkret hədəf qoyulmayıbsa, o demək deyil ki, biz çempionluq istəmirik"
Futbol
24 Sentyabr , 2021 11:17
Qəbələnin kapitanı: İndi üçqat çalışmalısan ki, meydanda sürünməyəsən

"Qəbələ" futbol klubunun kapitanı Asif Məmmədovun "Report"a müsahibəsi...

- "Qəbələ" cari mövsümdə baxımlı futbol göstərməklə yanaşı, yaxşı nəticələr də qazanır. Komandanın ilk 4 turda məğlub olmaması və hazırda turnir cədvəlinə başçılıq etməsi də bunu deməyə əsas verir. Ötən mövsüm Premyer Liqanı 7-ci pillədə başa vuran "Qəbələ" ilə hazırkı komanda arasında nə fərq var?

- Ötən mövsümdə də yaxşı oyun sərgiləyirdik. Sadəcə, ələ düşən qol imkanlarından istifadə edə bilmirdik. Ümumiyyətlə, Elmar Baxşıyev gələndən bizdən əsas tələbi qorxmamaq, sonadək mübarizə aparmaqdır. Deyir ki, heç nədən çəkinməyin, arxanızda durmuşam, hücum futbolu oynayın. Elə biz də baş məşqçinin tapşırıqlarını yerinə yetiririk. Keçən mövsüm də hamı "Qəbələ"nin oyunundan danışırdı, amma oyunlarda qalib gələ bilmirdik. Qol imkanlarından istifadə edə bilsəydik, ən azı avrokuboklara vəsiqə qazanardıq. Fikrimcə, əsas fərq bundadır.

- Sizcə, "Qəbələ" güclənib, yoxsa digər komandalar zəifləyib?

- Son 3-4 mövsümdə çempionatda zəif rəqib yoxdur. Əvvəllər hansısa oyunda 70 faiz qələbə qazanacağını düşünürdünsə, indi heç bir komanda belə arxayınlıqla meydana çıxa bilmir. Bir-ikisini çıxmaq şərtilə, bütün klublar bərabər səviyyədədir. Ötən mövsüm "Neftçi" və "Qarabağ" kimi rəqiblərdən də xal alırdıq. Hətta "Neftçi" ilə matçlarda daha yaxşı nəticələr qazana bilərdik. Son çempiona qarşı heç bir oyunda pis çıxış etmədik. İndi əvvəlki dövr deyil, hər oyun çətindir. Son vaxtlar çempionat daha maraqlı keçir.

- Amma ötən mövsüm müsahibənizdə demişdiniz ki, bəzi oyunlar darıxdırıcı keçir, hətta hansısa matça baxanda sizi yuxu tutub...

- Əslində onu elə formada deməmişdim. Öz oyunumuzla digər matçları müqayisə etmişdim. Bildirmişdim ki, udub-uduzmağımızdan asılı olmayaraq, oyunlarımız baxımlı və sürətli keçir. Amma elə oyunlar da olur ki, komandalar bir-birindən çəkinir. Bu mənada, bir az lənglik olur. Lakin biz baxmırıq ki, rəqib "Qarabağ", yoxsa "Səbail"dir. Eyni tempdə oyun göstərməyə çalışırıq.

- Ötən mövsümün sonunda Cavid Hüseynov, Merab Giqauri, Nikolas Raysel, Ceyms Adeniyi və Yurgen Qoca kimi futbolçular komandanı tərk etdi. Belə görünür ki, onların gedişi komandaya müsbət təsir göstərib...

- Açığı, onlar da pis oyunçular deyil. Hazırda yalnız Adeniyi Azərbaycandan kənarda çıxış edir. Digərləri yerli klublarda oynayır. Onların vaxtında baxımlı oyun göstərirdik. Sadəcə, qol çatmırdı. Hücum xəttində ciddi dəyişiklik olmayıb. Yalnız Raysellə Adeniyi hazırda bizimlə deyil. Lider olmağımıza baxmayaraq, arxayınlaşmamalıyıq. Çünki hələ heç nə etməmişik. Görəcəyimiz işlər qarşıdadır. Cəmi 4 tur keçib. İrəlidə isə hələ 24 oyunumuz var.

- Nəticələr yaxşılaşdıqca hədəflər də böyüyür. Elmar Baxşıyev dəfələrlə bildirib ki, komandanın qarşısında konkret vəzifə yoxdur. Siz necə düşünürsünüz, qələbələrin sayı artdıqca yuxarı yerlər uğrunda mübarizə aparmaq olarmı?

- Elmar müəllim, yəqin, futbolçuların məsuliyyətli olması, arxayınlaşmaması üçün belə deyir. Çünki qarşıya müəyyən məqsəd qoyulanda həyəcan da artır. Bunun yükü, ağırlığı var. Məncə, baş məşqçi məsələyə bu nöqteyi-nəzərdən yanaşır. Hansı sahədə çalışmağından asılı olmayaraq, öz işinin ən yaxşılarından olmağa çalışırsan. Futbol oynayıb əziyyət çəkiriksə, deməli, biz də avrokuboklara getməyi, çempion olmağı istəyirik.

- Komandada bu potensialı görürsünüz?

- Əlbəttə, görürəm. İstəyimiz avrokuboklarda oynamaqdır. Qarşımıza konkret hədəf qoyulmayıbsa, o demək deyil ki, biz bunu istəmirik. Elə isə çempionatda niyə oynayırıq? Əlimizdən gəldiyi qədər irəliyə gedəcəyik. Qismət olsa, avrokuboklara vəsiqə qazanacağıq. Rəhbərlik bizdən bunu tələb etməyə bilər. Amma özümüz idmançı kimi nəticə vermək istəyirik.

- Azərbaycanda belə bir fikir var ki, yerli futbolçu 30 yaşından sonra əvvəlki səviyyədə oynaya bilməz. Siz isə bu mövsümdəki çıxışınızla hələlik həmin fikirləri alt-üst edirsiniz. Yaşınızın çoxluğuna baxmayaraq, meydanda fəalsınız, heç bir mübarizədən çəkinmirsiniz...

- Mənim oyunum barədə kənardan baxanların nə isə demələri daha yaxşı olar. 35 yaşımın olmasına baxmayaraq, komandama əlimdən gələn köməyi etməyə çalışıram. Hələlik özümdə bu gücü hiss edirəm. Nə vaxt bacarmadığımı görsəm, əlimi qaldırıb deyəcəyəm ki, karyeram bura qədərdir, getmək vaxtıdır. Ondan sonra özümü məşqçi kimi sınayacağm. Futboldayamsa, deməli, gücüm var, oynamaq istəyirəm. Bu yaşda eyni rejimi saxlamaq asan deyil. Hər şeyə fikir verməlisən ki, meydanda sürünməyəsən, 20 - 25 yaşlı uşaqlarla ayaqlaşa biləsən. İndi üçqat çalışmalısan ki, onlardan geri qalmayasan. Elə etməlisən ki, yaş fərqi çox hiss olunmasın.

- "Qəbələ" V turda "Sumqayıt", ardınca isə "Qarabağ"la qarşılaşacaq. Xüsusilə, Ağdam klubu ilə matç uğurlu seriyanıza son qoya bilərmi?

- Əvvəlcə "Sumqayıt"la oynayaq, sonra digər rəqib haqqında düşünərik. Hazırda qarşımızda duran əsas məqsəd növbəti oyunu yaxşı notlarla bitirməkdir. Ayxan Abbasov çox gözəl futbol sərgiləyən komanda qurub. Ağıllı baş məşqçinin komandasına qarşı oynamaq hər zaman çətin olur. "Sumqayıt"ın məşqçilər heyəti rəqibləri analiz etməkdə çox yaxşıdırlar. Ona görə də bizi çətin oyun gözləyir. Uğurlu seriyamızı davam etdirmək istəyirik. "Sumqayıt"la matçdan sonra "Qarabağ"ı fikirləşə bilərik.

- Cari mövsümdə, gücündən asılı olmayaraq, bütün komandaların "Qəbələ" ilə hesablaşdığını demək olar?

- Bunu demək üçün çox tezdir. Cəmi 4 tur keçib. Bu suala XV turdan sonra cavab verə bilərəm.

- Əsas heyət üzvlərindən Yaovi Akakponun uzun müddətə sıradan çıxması komandanın çıxışına necə təsir edə bilər? Nəzərə alaq ki, toqolu hücumçu əla formada idi...

- Akakponun zədəsi çox ciddidir. Ondan əvvəl isə gənc futbolçumuz Rüfət Əhmədov zədələndi. "Qəbələ" üçün hər bir futbolçunun öz yeri var. Heyətimiz elə geniş deyil ki, zədəli futbolçunu kimsə asanlıqla əvəz etsin. Onlara görə çox təəssüflənirəm. Bu iki futbolçunun yoxluğu bizə baha başa gələ bilər. Tez sağalıb aramıza qayıtmalarını arzulayıram.

- Artıq 35 yaşınız var. Mövsümün sonunda karyeranızı bitirmək barədə düşünmürsünüz?

- Xeyr, hələ bu barədə fikirləşmirəm. Vaxtı çatanda hamı biləcək (gülür - red.). Ötən mövsümdə komandada ən çox oyun keçirən 2-3 futbolçudan biri mən idim. Belə mövsümdən sonra karyeranı bitirmək olar? Hələ tezdir.

- Keçmiş komanda yoldaşınız Cavid Hüseynov klubsuz qaldığı üçün karyerasını başa vurmağa hazırlaşır. Onun qərarına münasibətiniz necədir?

- Cavidin özü ilə də danışmışam ki, hələ tezdir, çox yaşın yoxdur. Amma onu da qınamaq düzgün deyil. Təklif gəlmədi, klubsuz qaldı. Təklifi olduğu halda, bu addımı atsaydı, imkan verməzdim. Çünki bizim çempionatda oynamağa gücü var. Yeni klub yaratmaq istəyir. Ümid edirəm ki, futbolçu kimi qazandığı uğurları orada davam etdirəcək və Azərbaycan futboluna xeyir verəcək. Cavid yaxın dostumuzdur, futbolla belə tez vidalaşmağını istəməzdik. Həyatında müəyyən problemlər oldu ki, karyerasına mənfi təsir göstərdi. Həmin hadisələr baş verməsəydi, bəlkə indi də öz sözünü deyəcəkdi. Həyatdır, bəzi şeylərlə barışmaq lazımdır. Ona gələcək karyerasında uğurlar arzu edirəm.

- "Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasının I təsnifat mərhələsində Niderlandın AZ klubu ilə qarşılaşacaq. İlk oyun sentyabrın 29-da evdə, cavab görüşü isə oktyabrın 19-da səfərdə olacaq. Bu matçlardan nə gözləyirsiniz?

- Düzdür, rəqib güclüdür, amma bizim uşaqlar da pis deyil. Yaxşı mübarizə aparsınlar, sonadək oynasınlar. Ancaq müsbət nəticə gözləyirəm. Bu yaşda futbolçuları hansısa ölkənin adına görə fərqləndirmək olmaz. Hər şey ola bilər. U-19-un uşaqlarını görmüşəm. İnanıram ki, sınaqdan üzüağ çıxacaqlar.

Son xəbərlər

Orphus sistemi