"Qəbələ"nin futbolçusu Xorvatiya yığmasındakı çıxışından danışıb

"Qəbələ"nin futbolçusu Xorvatiya yığmasındakı çıxışından danışıb "İlk oyunumda bir az gərgin idim"
Futbol
18 Yanvar , 2017 16:12
Qəbələnin futbolçusu Xorvatiya yığmasındakı çıxışından danışıb

Bakı. 18 yanvar. REPORT.AZ/ "İlk olaraq mənə zəng edib, milliyə dəvət aldığımı dedilər. Buna görə çox sevindim və dərhal evə zəng etdim. Onlara bu xoş xəbəri çatdırdım və milliyə çağırıldığımı dedim". 

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Filip Ozobiç Xorvatiya yığmasına dəvət edilməsi haqda danışarkən klubun televiziyasına müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi həyatı boyu yığmaya dəvət olunması üçün çalışdığını bildirib. "Millidəki əksər futbolçuları aşağı yaş qruplarından tanıyıram. Orada biz bir ailə, dost idik" deyən Ozobiç Çində iştirak etdikləri turnir barədə danışıb: "Yarış yaxşı təşkil olunmuşdu. Sadəcə, hər iki matçı penaltilərlə uduzduq. Amma yaxşı oynadığımızı düşünürəm. İlk oyundan əvvəl bir az gərgin idim. Matçın gedişində sakitləşdim və rahat oynamağa başladım. Oyuna qədər cəmi bir məşqimiz olmuşdu. Ona görə də matça 100 faiz hazır deyildik. Sadəcə, yaxşı oynadığımızı düşünürəm. Fikrimcə, ilk oyunu yaxşı keçirdim və 60 dəqiqə meydanda oldum. Baş məşqçi Ante Çaçiç bütün komandanın yaxşı oynadığını dedi. Təəssüf ki, məğlub olduq və finala çıxa bilmədik. Demək olar ki, rəqiblər oyuna bizdən daha yaxşı hazırlaşmışdı. Onlar dekabrın 26-da, biz isə oyundan 2 gün əvvəl yığışmışdıq. Bununla belə, yaxşı oynadığımızı düşünürəm. Baş məşqçi xüsusi olaraq heç kimə nəsə demədi, bütün komandadan razı qaldığını bildirdi".

Xorvatiyalı futbolçu yenidən yığmaya dəvət alacağına ümid etdiyini söyləyib: "Fikrimcə, Çaçiç millidə çıxış etməyən futbolçuların ilk oyununu gördü. Bəlkə də heyətdən kimisə martda keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin oyununa dəvət edəcək. Kimisə dəvət etsə, onların millidə qalma şansı olacaq. İnanıram ki, məni də çağıracaq. Amma bunun nə dərəcədə real olub-olmadığını bilmirəm. Bunun üçün mən "Qəbələ"də yaxşı oynamalıyam. Ölkə çempionu olmaq istəyirəm. Bu halda yəqin ki, məni də dəvət edərlər". 

Ozobiç hazırda "Qəbələ"nin heyətində çempionluq sevinci qazanmağın daha vacib olduğunu da vurğulayıb: "Düşünürəm ki, bizdə hər şey yaxşıdır. Düşərgəyə gec qoşulduğum üçün ilk məşqlərə qatıla bilmədim. Azərbaycan çempionatına yaxşı hazırlaşacağımıza ümid edirəm. Hər oyunda qalib gəlib, çempion olmaq istəyirik".

Qeyd edək ki, “China Cup 2017” turnirində Xorvatiya yığması 2 oyun keçirib. Çili və Çin yığmaları ilə görüşdə Filip Ozobiçin komandası penaltilər seriyasında məğlub olaraq, 4-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi