“Qəbələ”nin futbolçusu: “Klub rəhbərliyi şərait yaratdı və qalmağa qərar verdim”

“Qəbələ”nin futbolçusu: “Klub rəhbərliyi şərait yaratdı və qalmağa qərar verdim” “Qəbələ” rəhbərliyi ilə danışdıq, hər cür şərait yaratdılar və qalmağa qərar verdim.
Futbol
9 Oktyabr , 2024 16:48
“Qəbələ”nin futbolçusu: “Klub rəhbərliyi şərait yaratdı və qalmağa qərar verdim”
Murad Musayev

“Qəbələ” rəhbərliyi ilə danışdıq, hər cür şərait yaratdılar və qalmağa qərar verdim.

Bunu “Report”a açıqlamasında ötən gün “Qəbələ” klubu ilə ikiillik müqavilə imzalayan Murad Musayev deyib.

30 yaşlı müdafiəçi bu ayın sonunda yaşıl meydanlara qayıda biləcəyini söyləyib:

“Zədələndikdən sonra “Qəbələ” rəhbərliyi məni əməliyyata göndərdi. Müalicə aldım, bərpa müddətini də komandada keçirdim. “Qəbələ” ilə müqaviləmin müddəti ikiillik idi, amma komanda I Liqaya düşdüyü üçün avtomatik ləğv olunmuşdu. Buna baxmayaraq, kollektiv daxilində idim. Zədəmə gəlincə, 90 faiz sağaltmışam. Bu ayın sonunda meydanda ola biləcəyəm”.

O, zədələnməmişdən əvvəl başqa klublardan təkliflər aldığını bildirib:

“Zədədən əvvəl klubda qalmaq barədə rəhbərliklə danışmışdıq. Başqa komandalardan da təkliflər var idi. Amma konkret qərar verməmişdim”.

Futbolçu komandanın hazırkı vəziyyətinə və I Liqadakı çıxışına da toxunub:

“Qəbələ” indiyə qədər necə olubsa, elə də davam edir. Məqsədimiz Premyer Liqaya qayıtmaqdır”.

M.Musayev I Liqanın səviyyəsinə də toxunub:

“Komandalar kənardan normal görünür. Hətta düşünürəm ki, əvvəlki illərə nisbətən daha yaxşıdır. Çempion komanda Premyer Liqaya yüksələndən sonra digərləri də yaxşı hazırlaşırlar. Çatışmazlıqlar əsasən stadionlarla bağlıdır. I Liqada bəzi meydanlar problemlidir. Məsələn, ötən tur “Baku Sportinq”lə oynadıq. Meydan çox bərbad vəziyyətdə idi. Belə yerlərdə oyun keçirilməsinə icazə verilməsə, daha yaxşı olar. Zədələr yaranır, keyfiyyətli, istədiyin futbolu göstərə bilmirsən. Sanki kənd stadionunda oynayırsan”.

O, "Qəbələ" I Liqaya düşəndən sonra azarkeşlərin sayında azalma baş verdiyini vurğulayıb:

“Komanda I Liqaya düşəndən sonra azarkeşlərin sayında azalma hiss olunur. Amma “Qəbələ” azarkeşləri komandanı heç vaxt tək buraxmayıblar. Yəqin ki, tədricən stadiona gələcəklər. Komandanı bu vəziyyətdə tək buraxmasalar, yaxşı olar”.

Qeyd edək ki, “Qəbələ” 10 xalla turnir cədvəlində ikincidir.

Son xəbərlər

Orphus sistemi