"Daha əvvəl ağır atmosferlərdə oynamışam. Əsas komanda şəklində çıxış etməkdir".
"Report"un məlumatına görə, bu fikirləri Uels millisinin kapitanı Qaret Beyl Bakıda Türkiyə millisinə qarşı AVRO-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.
32 yaşlı hücumçu bildirib ki, onun üçün qolu kimin vurmasının fərqi yoxdur: "Önəmli olan qalib gəlməkdir. Ümid edirəm ki, stadiondakı atmosferə dözüb, yaxşı oyun göstərəcəyik".
İspaniya "Real Madrid"inə məxsus oyunçu sabahkı matçda özlərini qonaq kimi hiss edəcəklərini vurğulayıb: "Fanatlar baxımından bəzi sıxıntıların olacağını bilirik. Amma normaldır. Atmosferdən həzz almalıyıq. Azareşlərin bizi fitə basmasına öyrəşmişəm. Sakit oynamalıyıq".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılacaq Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.