“Qarabağ”la UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu İsveçin “Hakken” klubunun baş məşqçisi Per Matias Höqmo üçün sonuncu ola bilər.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, 63 yaşlı norveçli mütəxəssisin 2024-cü ilə yeni komandada başlaması gözlənilir.
Ölkə çempionatında mövsüm başa çatdığından, “Qarabağ”la matçdan sonra komanda istirahətə buraxılacaq. “Hakken”in qrupdakı nəticələrindən asılı olmayaraq, Höqmonun komandada qalmaq ehtimalı azdır. Çünki o, İsveç millisinin baş məşqçisi postuna ən real namizəddir. Mütəxəssis həmçinin Avropa və Yaponiyadan da təkliflər alıb.
Onun “Hakken”lə müqaviləsinin müddəti 2024-cü ilin sonuna qədərdir. Lakin Höqmo iş yerini dəyişməkdə maraqlıdır.
Qeyd edək ki, “Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də Bakıda keçiriləcək. Hazırda Azərbaycan təmsilçisi 6 xalla H qrupunda ikinci pillədə qərarlaşıb. İsveç komandasının hesabında isə xal yoxdur.