"Qarabağ" komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-3

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-3 Komanda futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində son oyununu keçirib
Futbol
6 Dekabr , 2017 01:37
Qarabağ komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-3
esatoursportevents.com

Roma. 6 dekabr. REPORT.AZ / "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində son oyununu keçirib. 

"Report"un İtaliya paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, rəqib "Roma" komandası olub.

"Olimpiko" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 53-cü dəqiqədə Dieqo Perotti vurub. Bu qələbə sayəsində "Roma" xallarını 11-ə çatdıraraq, qrup lideri kimi Çempionlar Liqasında 1/8 finala yüksəlib. İtaliya təmsilçisi ilə eyni xala malik, lakin şəxsi oyunlarda uduzan İngiltərənin "Çelsi" klubu isə eyni vəsiqəni qrup ikincisi kimi əldə edib. 7 xalı olan İspaniya "Atletiko"su 3-cü yeri tutduğu üçün mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək. Hələ ötən turdan qrupda qalacağı dəqiqləşən "Qarabağ" isə C qrupunda 2 xalla kifayətlənib.

Qeyd edək ki, baş məşqçi Qurban Qurbanov "Roma" ilə görüşdə start heyətdə ilk dəfə Əfran İsmayılovun xidmətindən yararlanıb. Üstəlik, Rəşad Sadıqov və Pedro Enrike cəza, Bədavi Hüseynov və Ansi Aqolli zədə üzündən "Qarabağ"a kömək edə bilməyib.


***00:58

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda İtaliya paytaxtında "Qarabağ" komandası ilə "Roma" klubu arasındakı qaşılaşmanın ikinci hissəsində hesab açılıb.

“Report” xəbər verir ki, "Roma" klubunun oyunçusu Dieqo Perotti qarşılaşmanın 55-ci dəqiqəsində komandasını hesabda irəli çıxarıb - 1:0.


***00:37

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda İtaliya paytaxtında "Qarabağ" komandası ilə "Roma" klubu arasındakı qaşılaşmanın birinci hissəsi qolsuz bərabərliklə başa çatıb.

“Report” xəbər verir ki, ilk 45 dəqiqədə qapılara qol vurulmayıb.

Bununla belə, matçın birinci hissəsi qarşılıqlı hücumlarla yadda qalıb. 


***23:47

“Qarabağ” komandası 2017/18 mövsümündə Çempionlar Liqasında son oyunununa başlayıb.

“Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin VI turu çərçivəsində “Roma”nın qonağıdır.

Cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşən “Qarabağ” burada keçirdiyi 5 oyundan 3-də uduzub. Ağdamlılar İngiltərə çempionu “Çelsi”yə həm evdə, həm də səfərdə (0:6, 0:4), “Roma”ya isə Bakıda məğlub olub (1:2). Azərbaycan Premyer Liqasının qalibi yalnız İspaniya “Atletiko”suna hər iki görüşdə gücünü göstərə bilib. Buna rəğmən, artıq “Qarabağ”ın qrup sonuncusu olması dəqiqləşib.

Romada baş tutacaq görüş Ağdam klubu üçün formal xarakter daşısa da, imic baxımından önməlidir. “Köhlən atlar” ilk dəfə mübarizə apardıqları turnirdən müsbət təəssüratlarla ayrılmaq istəyirlər. Meydan sahiblərinin durumu isə fərqlidir. “Canavarlar” qalib gəlməklə, 1/8 finala vəsiqəni təmin edəcəklər. “Roma” uduzsa və ya heç-heçə etsə belə, pley-offa yüksələ bilər. Bunun üçün “Atletiko”nun Londonda “Çelsi”yə qalib gəlməməsi şərtdir.

Çempionlar Liqası

VI tur, C qrupu

5 dekabr

23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Tobias Ştiler

Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Zaydel

Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)

Roma. Olimpiya stadionu

Xal durumu: “Çelsi” – 10, “Roma” – 8, “Atletiko” – 6, “Qarabağ” – 2.

Son xəbərlər

Orphus sistemi