“Qarabağ” "Molde”ni məğlub edəcək gücdədir”.
Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Vild-Donald Gerye Azərbaycan çempionunun UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Norveç klubu “Molde” önündə şanslarını dəyərləndirərkən deyib.
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Molde”yə qarşı Kiprdə keçirilən görüşün iştirakçısı olan haitili müdafiəçi “Qarabağ”ın bu dəfə qələbə qazanmaq imkanının daha böyük olduğunu düşünür: “Həmin vaxt bəzi şərtlər matçın Kiprdə keçirilməsinə səbəb olmuşdu. Oyuna görə heç də rəqibdən zəif deyildik. “Qarabağ” indi qələbə qazanmaq üçün hər şeyə malikdir. Çünki matç Bakıda olacaq”.
34 yaşlı cinah oyunçusu Almaniya klubu “Bayer 04”ü bu qrupda digərlərindən fərqləndirib: “Bayer 04” oyunlara ciddi yanaşsa, qrup birincisi olacaq. Digər komandalar isə ikinci yer uğrunda mübarizə aparacaqlar. “Molde” və “Hakken” də “Qarabağ” kimi öz ölkələrinin çempionlarıdır. Buna baxmayaraq, “Qarabağ”ın qrupda ikinci yeri tutmaq şansı digərlərindən heç də az deyil”.
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.