"Danışılası çox şey yoxdur. Qrupda 2 oyunumuz qalıb. Həm "Makkabi", həm də "Vilyarreal"la matçlarda düzgün futbol oynayıb, nəticə qazanmağa çalışacağıq".
"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı matçdan əvvəl mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis oyun öncəsi heyətlə bağlı problemləri açıqlayıb: "Rahil Məmmədov uzun müddətdir məşq etmir. Bədavi Hüseynovla Patrik Andradenin zədəsi davam edir. Onlar heyətdən kənarda qalacaqlar".
Rəhmanov Mahir Emrelinin koronavirusa yoluxduğunu xatırladıb: "Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar. Hazırda əlimizdə cəmi 13-14 futbolçumuz var".
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.