"Malmö" ilə dueli çoxdan gözləyirdim, çox maraqlı olacaq.
Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda İsveçdə yaşayan Yalçın Bağırov Azərbaycan çempionunun UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda Bakıda “Malmö”yə qarşı keçirəcəyi matçda şansları dəyərləndirərkən deyib.
O, İsveç təmsilçisi ilə oyunun asan keçməyəcəyini söyləyib:
“Evdə oynadığını nəzərə alsaq, “Qarabağ”ın şanslarını 60-ın 40-a dəyərləndirirəm. “Malmö” Bakıya vuruşmaq üçün gəlib. Yəni “Qarabağ” üçün asan olmayacaq. Kim sona qədər mübarizə aparacaqsa, oyuna nəzarət edəcəksə, o da qalib gələcək. “Qarabağ” diqqətini yayındırmamalı, son dəqiqəyə qədər oyuna nəzarəti itirməməlidir. Fikrimcə, oyun həm “Qarabağ”ın, həm də “Malmö”nün qarşılıqlı hücumları ilə keçəcək. Hətta motivasiyası yüksək olduğu üçün komandamızın daha çox hücum edəcəyini deyə bilərəm”.
“Qarabağ”ın sabiq hücumçusu “Malmö”nün İsveçin ən güclü komandalarından biri olduğunu vurğulayıb:
“Malmö” üçün Aropa Liqası və Çempionlar Liqası yenilik deyil. İsveç çempionatında da neçə illərdir hegemonluq edirlər. Avropada oyunlarına görə ad-san qazanıblar. Sürpriz edə bilən komandadır. İsveçin ən güclü klublarındandır, heyətə istedadlı futbolçuları cəlb edirlər. "Malmö" ilə dueli çoxdan gözləyirdim, çox maraqlı olacaq. Ümid edirəm ki, “Qarabağ” qalib gələcək. Komandanın bunun üçün gücü və potensialı var. Sadəcə, yaxşı əhval-ruhiyyədə meydana çıxmaq və döyüşmək lazımdır”.
Y.Bağırov Azərbaycan çempionunun UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərə təmsilçisi “Tottenhem”lə oyununa (0:3) da toxunub:
“Qarabağ”ın günü deyildi. Təəssüf ki, penaltidən istifadə edə bilmədilər. Hətta dünyanın ən güclü futbolçuları da bəzən penaltini qaçırırlar. İnşallah, bu, Toral Bayramovun karyerasına təsir etməz, əksinə, toparlanar və daha da yaxşı oynayar. Psixoloji durumunu yaxşılaşdırmalıdır. Sözsüz ki, komanda yoldaşları da ona kömək etməlidirlər. “Qarabağ” həmişə qələbə qazana bilməz. Qurban Qurbanova “çox sağ ol” deməliyik ki, hər il bizə bu sevinci yaşadır. Azərbaycanda belə komandaların sayı nə qədər çox olsa, o qədər fayda verər, gənc futbolçular yetişər. Ümumilikdə “Tottenhem”ə qarşı yaxşı oynadılar. “Malmö” ilə oyunda uduzmamalıdırlar. İnkişaf etmək üçün qələbə lazımdır. “Tottenhem”ə məğlubiyyəti düşünüb bu oyuna çıxmaq düzgün deyil”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti bu gün, saat 20:45-də səslənəcək.