Azərbaycan Premyer Liqasının XXXIV turu həlledici ola bilər.
“Report”un məlumatına görə, sabah start götürəcək və altı günü əhatə edəcək oyunların ardından çempionun və 4-cü yerin sahibinin adına aydınlıq gəlməsi mümkündür.
Turun “Səbail”lə “Qarabağ” arasında keçiriləcək matçı çempionun müəyyənləşməsi baxımından vacib rol oynayacaq. “ASCO Arena”da rəqibinin qonağı olacaq ağdamlılar qələbə qazanacaqları təqdirdə, sona iki tur qalmış çempionluğu rəsmiləşdirəcəklər. Çünki bu halda Qurban Qurbanovun kollektivi ən yaxın izləyicisi “Sabah”la ən azı 7 xallıq fərqi qoruyacaq ki, bu da qızıl medalları təmin etmək üçün kifayətdir.
XXXIV turda, həmçinin, avrokuboklara vəsiqə qazanan dördüncü komanda müəyyənləşə bilər. Bunun üçün “Qəbələ” evdə “Turan Tovuz”a qalib gəlməli və “Zirə”nin öz meydançasında “Kəpəz”ə məğlubiyyətini arzulamalıdır. Ssenari belə olarsa, bölgə təmsilçisi aradakı xal fərqini 6-ya yüksəldəcək və 4-cü pillədəki mövqeyini rəsmiləşdirəcək. Çünki yekunda komandalar eyni xala malik olsalar belə, şəxsi oyunlardakı üstünlük “Qəbələ”ni Avropa arenasına daşıyacaq.
Bu tur daha bir komanda elitadakı yerini təmin etməyə çalışacaq. “Turan Tovuz” və “Kəpəz”in ardından 8-ci pillədəki “Sumqayıt” sonuncu yerə düşmək təhlükəsi ilə üzləşməmək üçün öz meydanında “Sabah”a qalib gəlməlidir. Bununla yanaşı, autsayder “Şamaxı” da “Neftçi” ilə səfər qarşılaşmasında büdrəməlidir.
Premyer Liqa
XXXIV tur
12 may
19:00. “Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu
13 may
18:00. “Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu
20:30. “Səbail” – “Qarabağ”
“ASCO Arena”
14 may
20:30. “Neftçi” – “Şamaxı”
“Bakcell Arena”
17 may
19:30. “Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”