Fransanın "Pari Sen-Jermen" futbol klubu Argentina yığmasının hücumçusu Lionel Messiyə müaqvilə imzalamağı təklif edib.
“Report” xəbər verir ki, bu barədə AS bildirib.
Futbolçunun təklifə cavabı barədə məlumat verilmir.
Qeyd edək ki, Messi iyulun 1-dən azad agent olub, çünki onun İspaniyanın "Barselona" klubu ilə razılaşmasının müddəti başa çatıb. Futbolçu hələlik milli komandanın Amerika Kubokundakı çıxışlarına köklənib. PSJ yarışdan sonra 34 yaşlı hücumçu ilə aktiv danışıqlara ümid edir.
Messi 2003-cü ildən - bütün karyerası boyunca "Barselona"da çıxış edib. O, komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə Kubokunu və səkkiz dəfə Superkuboku qazanıb. Hücumçu habelə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA-nın Superkubokunu, klublararası dünya çempionatını udub.
Argentinalı hücumçu İspaniya Primerasının ötən mövsümündə 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.