Qurban Qurbanov: "Keşlə" ilə oyunda vacib 3 xal qazandıq" - YENİLƏNİB-2
- 03 mart, 2019
- 15:58
Bakı. 3 mart. REPORT.AZ/ "Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımi şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə "Keşlə"ni 1:0 hesabı ilə üstələdikləri matçdan sonra söyləyib.
Mütəxəssis Rəşad Sadıqov, Reynaldo Silva və Ansi Aqollinin meydana çıxmamasına aydınlıq gətirib:
"Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Reynaldo üçün isə meydançanın süni ot örtüyü olmasına görə ehtiyat elədik. Aqolli isə sırf seçim məsələsidir".
Baş məşqçi Araz Abdullayevi yenidən əsas heyətə qaytarmalarına da toxunub:
"Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddətə oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də, bu gün əsas heyətə qaytardım".
***19:49
Bakı. 3 mart. REPORT.AZ/ "İki fərqli hissə izlədik. İlk yarıda topa nəzarət edə bilmirdik. Xırda bir səhvdən sonra rəqib bizə əks-hücumda qol vurdu".
"Report" xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssisin sözlərinə görə, ikinci hissədə üstün futbol sərgiləyən komanda "Keşlə" olub:
"Kaş ki, pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz var idi. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldı. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq".
Baş məşqçi əsas problemlərinin futbolçuların arxaya, xüsusən də, qapıçıya ötürmə etməkləri olduğunu vurğulayıb:
"Ən böyük problem budur. Rəqib təzyiq altında saxlanılan bir vaxtda, qapıçı Kamran Ağayevə ötürmə edilir. Məşqlərdə daha çox bunun üzərində işləyirik. Səbəbi mənim üçün də qaranlıqdır. Alınmır ki, alınmır".
***19:32
Bakı. 3 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.
"Report"un məlumatına görə, həftənin axırıncı matçında Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə" çempion titulunun sahibi "Qarabağ"ı qəbul edib.
Matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 16-cı dəqiqədə Araz Abdullayev vurub.
Bu nəticədən sonra "Qarabağ" 41 xalla "Neftçi" ilə liderliyi bölüşür. Son iki pillədə qərarlaşan "Keşlə" və "Sumqayıt"ın 16 xalı var.
İlk oyun günüdə "Neftçi"i evdə "Sabah"ı üç cavabsız qolla məğlub etdiyi halda, "Səbail" - "Sumqayıt" duelində qalib müəyyənləşməyib - 0:0. Bu gün keçirilən "Zirə" və "Qəbələ" komandalarının görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb.