"Minifutbol artıq əhali arasında geniş yayılıb".
"Report" xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov ölkə çempionatının 2022/2023 mövsümünün püşkatma mərasimində deyib.
O, minifutbolun ölkədə inkişaf etdiyini bildirib: "Yerli sahibkarlar məhz bu sahəyə yatırımlar edir. Həm Bakıda, həm də ətraf rayonlarda minifutbol meydançaları fəaliyyətə başlayıb. Sahibkarlar bu sahəyə maraq göstərirlər. Bakıda artıq 40-a yaxın minifutbol meydançası var. Bu idman növünün peşəkar səviyyəyə çatdırılması məsələsi çoxdan gündəmdədir. Buna görə həm federasiyanı yaratdıq, həm də Avropa federasiyasına üzv olduq".
Orxan Məmmədov Azərbaycan çempionatının qalibinin ölkəni beynəlxalq arenada təmsil etdiyini xatırladıb: “Yığmanın son çempionluğu sayəsində Avropada adımızdan söz etdirməyə başladıq. Avropa çempionu olduğumuz üçün ölkə başçısı İlham Əliyevin qəbulundan sonra komandaların çempionata marağı da artıb. Əminəm ki, bundan sonra da bayrağımız altında keçirilən tədbirlər geniş vüsət alacaq”.