“Fasiləyə 0:1 hesabı ilə gedəndə şansımızın olduğunu bilirdik. Yekunda layiqli şəkildə bərabərliyə nail olduq”.
“Report” xəbər verir ki, bunu 24sata.hr saytına futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya yığması ilə Bakıda 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunu barədə danışarkən deyib.
53 yaşlı xorvatiyalı mütəxəssis oyunun 11-ci dəqiqəsində qonaqların lehinə təyin edilən və Luka Modriçin dəqiq yerinə yetirdiyi penalti epizodunu şərh edib: “Məndə elə təəssürat yarandı ki, penalti deyil. Komandamızın meneceri telefonunda həmin epizodu göstərəndən sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim. Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm”.
Baş məşqçi bərabərliyi komandası üçün böyük nəticə adlandırıb: “Oyunçularımız meydanda çox yaxşı idilər. Yalnız bu halda Xorvatiyanı məğlub etmək olar”.
Yurçeviç deyib ki, matçdan sonra Xorvatiyanın baş məşqçisi Zlatko Daliçlə görüşməyib. Əvəzində, digər həmyerlisi, Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında baş məşqçisi olmuş Slaven Biliçdən təbrik alıb: “Yaxın dostum Biliç zəng edərək, məni əla nəticəyə görə təbrik etdi. O, nəticəyə və komandamın sərgilədiyi oyuna görə şad olduğunu söylədi”.