Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar oktyabrın 21-də Asiya Çempionlar Liqasında BƏƏ təmsilçisi "Əl-Əyn"lə keçiriləcək oyunda meydana çıxa bilər.
"Report" xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Zədə səbəbindən 2023-cü ilin oktyabrından bəri futbol oynamayan 32 yaşlı futbolçu sentyabrda komandası ilə birlikdə məşqlərə başlayıb. Həmçinin yaxın günlərdə Braziliya millisinin həkiminin Neymarın fiziki vəziyyətini qiymətləndirmək üçün Səudiyyə Ərəbistanına gələcəyi bildirilib. Testlərin nəticələri müsbət olarsa, o, DÇ-2026-nın təsnifat mərhələsindəki oyunlar üçün yığmaya dəvət ala bilər.
Qeyd edək ki, "Əl-Hilal"ın heyətində cəmi 5 oyunda meydana çıxan futbolçu ötən il diz bağlarından ciddi zədə alıb və artıq 11 aydan çoxdur ki, futbol oynamır.