"Canni De Byazi ilə milliyə çağırılmamağım barədə danışmaq istəyirdim. Amma imkan olmadı".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Azərbaycan yığmasına dəvət almaması ilə bağlı mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi yığmaya çağırılmamasının səbəbini bilmədiyini söyləyib. "Dəvət gözləyirdim, amma olmadı. Baş məşqçi ilə danışsaydım, deyəcəkdim ki, məni niyə çağırmırsan?"
Hacıyev millidə yerli baş məşqçinin işləməsinin tərəfdarı olduğunu vurğulayıb: "Həmin mütəxəssisə də şans, vaxt vermək lazımdır. Çünki 6 ay və 1 il ərzində heç kim istədiyini edə bilməz".
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.